Putinin seçki demarşı –Moskva müxalifətin qalib gəldiyi İstanbul olmayacaq (TƏHLİL)

 “Sentyabrın 8-i Rusiya vətəndaşları bələdiyyə və regional seçkilərdə iştirak edəcəklər. İqtidar isə qorxur. Xarici dövlətlərdən heç biri Rusiya seçkilərinə müdaxilə etməyib. Uzun illər ölkədə ədalətli seçkilər keçirilməyib. Hökumət xalqdan və rəsmi namizədlərdən daha populyar olan müxalif namizədlərdən qorxur”,

Bu sözləri Çikaqoda yerləşən Loyola Universitetinin professoru Mixail Xodarkovski “The New York Times” nəşrində yazır.

Məqalə müəllifi xatırladır ki, iyulun 28-dən etibarən minlərlə paytaxt sakini müxalif namizədlərin Moskva Şəhər Dumasına keçirilən seçkilərə buraxılmamasına etiraz əlaməti olaraq küçələrə çıxır və iqtidar nümayişçiləri dağıtmaq üçün güc tətbiq edir, kütləvi həbslər həyata keçirir: “Kreml dəqiq mesaj göndərir: bura nə böyük etiraz aksiyaları ilə Honkonq, nə də müxalifətin qələbəsi ilə nəticələnən ədalətli seçkiləri ilə İstanbul olmayacaq. Və istəyinə nail olmaq üçün Kreml zorakılıqdan istifadədə qəti qərarlıdır. Bu, heç kimi təəccübləndirməməlidir. Bu, avtokratiyanın təbii təkamül halıdır: cəmiyyət asta-asta rejimə qarşı üsyan etməyə başlayanda kobud güc hakimiyyətdə qalmaq üçün yeganə vasitəyə çevrilir”.

Xodarkovski may ayında Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi tərəfindən keçirilən, prezident Vladimir Putinə ictimai etimadın kəskin şəkildə zəiflədiyini göstərən sorğunun nəticələrinə istinadla  qeyd edir: “Hansı tərəfdən baxırsansa bax, putinizmin tənəzzülü şübhəsizdir. Qəzəblənən Kreml başqa sorğunun keçirilməsini tələb edib. Bir neçə gündən sonra yeni sorğu göstərib ki, ölkə əhalisinin 72%-i prezidentə inanır. Kreml məmnun qalıb və mərkəz “metodologiyasını yaxşılaşdıracağına” söz verib. Sonra iyun ayında, Putinin televiziya vasitəsilə hər il keçirdiyi canlı yayımdan sonra “YouTube”-da 12 min “like”, 170 min “dislike” qeydə alınıb. Ekspertlərin hesablamalarına əsasən, həmin auditoriya arasında Putinə olan dəstək təxminən 7% təşkil edir”.

“Görünür, Honkonq və İstanbul nümunələrini ağlında saxlayan Putin və silahdaşları 30 il əvvəl Mixail Qobaçovun məhdud azad seçkilərlə apardığı eksperimenti unutmayıblar. Qorbaçov sovet sistemini daha rəqabət qabiliyyətli etməklə onu canlandırmaq istəyirdi. Ona görə bəzi partiyasız namizədlərin qanunverici orqana keçməsinə icazə vermişdi. 1989-cu il martda baş tutan seçkilərdə hökuməti böyük sürprizlər gözləyirdi: 300 namizəd, ya da yeni qanunverici oqranın təxminən 16%-i partiyanın təsdiqlədiyi namizədlərə qalib gəlmişdi. Məğlublar arasında Mərkəzi Komitənin beş üzvü, Siyasi Büronun bir üzvü və 35 regional rəhbər var idi. Qorbaçov yeni seçkiləri islahatların qələbəsi və sovet siyasi sisteminin demokratiyalaşması yolunda uğurlu cəhd adlandırmışdı. Yeni azadlıqlardan dolayı əsəb keçirən, siyasi müxalifətə adət etməyən sərt siyasət tərəfdarları indiki kimi o vaxt da buna şad olmamışdılar”, – məqalədə deyilir.

Putin rejiminin memarı Vladislav Surkov bu yaxınlarda bəyan edib ki, Rusiyanı yalnız hərbi-polis dövləti kimi dəstəkləmək olar və Putin rus xalqının etibar edə biləcəyi yeganə liderdir. Onun iddialarına əsasən, putinizm yeni siyasi sistemdir və marksizm, ya da leninizm kimi əsrlər boyu mövcud olacaq.

“Hakimiyyətin ən yüksək təbəqəsində arzu olunanı həqiqət kimi təqdim etmək cəhdinə və ya ədabazlığa baxmayaraq, putinizm sürətlə dağılır: iqtidarın nəzarətində olan KİV-lər prezidentin zəifləyən reytinqini ayaqda saxlamağa çalışırlar; regionlar yoxsullaşıb; neft və qazdan asılı olan iqtisadiyyat zəifləyib; elitanın başı getdikcə balacalaşan piroqdan bir dilim qoparmaq uğrunda gedən daxili mübarizəyə qarışıb; dövlət təbliğatı gənc nəslə daha az təsir göstərir”, – Xodarkovski yazır.

“Deyəsən, putinizmin ömrü marksizm və leninizmdən daha qısa olacaq. Bu sistem hibrid avtokratiya kimi planlaşdırılıb: hakim elita dövlətin adından iqtisadiyyatın və mətbuatın böyük bir hissəsinə nəzarət edir, müəssisə və kütləvi informasiya vasitələrinin diqqətində olan azsaylı müstəqil siyasətçilərə dözür. Bütün ölkəyə nəzarət edən Çin Kommunist Partiyasından fərqli olaraq, Kreml narazı şəxslər üçün ehtiyat klapan saxlamaq qərarına gəlib. Qoy həmin şəxslər marginallıqlarını qoruyub saxlasınlar və iqtidara təhlükə kəsb etməsinlər”, – məqalə müəllifi qeyd edir.

Ancaq professor bu modelin, deyəsən, pik həddinə çatdığını düşünür: “Müxalifətin marginallığı Kremlin ümid etdiyindən daha az olub və rejimlə bağlı narazılıq artdıqca iqtidar belə bir qərara gəlib ki, daha yalandan demokratiyaya başçılıq etdiyini göstərməyə ehtiyac yoxdur. İroniya ondan ibarətdir ki, Moskvanın sərt Çin rejimi istiqamətində irəliləməyə hazır olmasına baxmayaraq, rusların məhz ciddiyyətlə əvvəlki məhdud azadlıqlardan istifadə etməsi indi sərt repressiyalar tələb edir”.

“Düzünə qalsa, Rusiya artıq hərbi-polis dövlətinə geri dönüb, Putini və rejimi hakimiyyətdə əsasən güc və hədə-qorxunun hesabına saxlayırlar. Təkcə polisə bel bağlamayan Kreml 2016-cı ildə 340 min nəfərdən ibarət xüsusi təyinatlı qüvvə – Rusiya Qvardiyası yaradıb. Onun missiyası ilk növbədə “ictimai asayişi qorumaq”dır. Hökumət həmçinin aktivləri dövlət büdcəsinə yerləşdirib, sürətlə genişlənən hərbi-sənaye kompleksinə investisiya etməklə bazar iqtisadiyyatının qalıqlarını dayanmadan demontaj edir”, – məqalədə deyilir.

“Bu yaxınlarda baş verən kütləvi etirazlar, nümayiş iştirakçıları və müxalifət üzvləri ilə kobud rəftat ondan xəbər verir ki, rejim hakimiyyəti saxlamaq üçün güc vasitələrindən istifadə etməyə tam hazırdır”, – deyə professor vurğulayır.

“Kreml başa düşür ki, əsl demokratiya putinizmin sonu deməkdir. Ona görə iqtidar demokratik yollarla dəyişiklik həsrətində olanlara seçim haqqı qoymur. Doğrudanmı Putin Qırmızı meydanı Tyananmen meydanının rus versiyasına çevirmək istəyir?” – deyə məqalə müəllifi soruşur. (Xpressa)

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Honkonqda etiraz hərəkatı qalib gəldi –

Sonrakı məqalə

Dolların  sabaha olan rəsmi məzənnəsi