Hücumdan əvvəl İran və ABŞ Türkiyə vasitəsi ilə qarşılıqlı mesajlarını çatdırıb

İsrailə hücumdan əvvəl İran və ABŞ arasında Türkiyə vasitəsi ilə dialoqun aparıldığı üzə çıxıb.

Bu, Türkiyə Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda əksini tapıb.

Qeyd edilib ki, yaşanan hadisədən öncə İran və ABŞ rəsmiləri ilə müzakirə aparılaraq tərəflər təmkinli olmağa çağırılıb: “Ölkəmiz vasitəsilə tərəflərin qarşılıqlı gözləntiləri, mesajları çatdırılıb, reaksiyaların mütənasib olması üçün lazımi təşəbbüslər həyata keçirilib. Bu gün də biz İran rəsmilərinə və İsrailə təsiri olan Qərb ölkələrinə mesajlarımızı açıq şəkildə çatdırırıq, gərginliyə son qoymağa çağırırıq. Biz regionumuzun sabitliyinə daimi ziyan vuracaq və qlobal səviyyədə daha böyük münaqişələrə səbəb olacaq prosesin qarşısını almaq üçün səylərimizi davam etdirəcəyik. Türkiyə təhlükəsizliyinə təsir edə biləcək bu hadisəni yaxından izləyir və ölkə başçısı mütəmadi olaraq məlumatlandırılır”.

Bəyanatda Türkiyənin İsrailin Qəzzada apardığı müharibənin genişlənmə riski daşıdığına dair xəbərdarlıqları da xatırladılıb. (APA)

Əvvəlki məqalə

Netanyahu Baydenlə danışıqdan sonra İrana cavab zərbəsindən imtina edib

Sonrakı məqalə

Azərbaycanın daha bir boksçusu Avropa çempionu oldu