İcbari tibbi sığortadan vətəndaşların və həkimlərin qazancı –Təcrübəli həkimin mühazirəsi

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi “İcbari tibbi sığorta – güvənli yaşam” – regionlarda, mediada və sosial şəbəkələrdə icbari tibbi sığorta ilə bağlı böyük maarifləndirmə kampaniyası adlı layihə icra edir.

Layihə çərçivəsində Ucar və Göyçay rayonlarında maarifləndirmə sessiyası keçirilib. İB-dən musavat.com-a verilən məlumatda bildirilir ki, tədbirdə rayonun tibbi personalı, müəllimlər, büdcə təşkilatlarında çalışan şəxslər, ictimaiyyət nümayəndələri, sadə insanlar iştirak edirdilər.

Ucar rayonunda keçirilən tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin rəsmisi Əbutalib Mikayılov bildirdi ki, insanlar xüsusi ilə bölgələrdə icbari tibbi sığortadan necə yararlana biləcəyi ilə maraqlanır: “Bu səbəbdən belə maarifləndirici tədbirlərin keçirilməsi təqdirəlayiqdir”.

Layihə rəhbəri, “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyinin icraçı direktoru Elşad Məmmədli çıxış edərək bildirdi ki, icbari tibbi sığortaya keçid səhiyyə sistemində inqilabi bir məsələdir: “Artıq 3 ildir ki, 4 rayonda icbari tibbi sığorta pilot layihə kimi icra olunur. Ciddi nailiyyətlər var və ilk olaraq Mingəçevirdə başlanan pilot layihə uğurla baş tutub. Artıq 1 yanvar 2020-ci il tarixdən bütün ölkə boyunca icbari tibbi sığortanın tətbiqinə qərar verilib. İnsanların sağlamlığı, bahalı tibbi xidmətlərin, dərmanların əlçatanlığı məsələsi prioritetdir. Ölkə prezidenti Cənab İlham Əliyev bu məsələyə xüsusi diqqət ayırır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi hazırladığı sığorta təkliflərini artıq hökumətə müzakirə üçün təqdim edib. Yaxın vaxtlarda bu layihə təsdiqlənəcək və bütün detalları dərc olunacaq. Qısaca onu deyə bilərik ki, icbari tibbi sığorta çərçivəsində vətəndaşlara 1829 tibbi xidmətin göstərilməsi nəzərdə tutulur. Şərtlər və mexanizm isə birmənalı olaraq həm vətəndaşların, həm də tibbi personalın maraqlarını şəffaflıqla təmin edir”.

E.Məmmədli qeyd etdi ki, icbari tibbi sığorta tətbiq olunan kimi bütün problemlərin həllini dərhal tapacağını gözləmək də sadəlövhlük olardı: “Çünki səhiyyə vətəndaşların ən həssas yeridir və prosesin özü olduqca ağırdır. Mərhələli şəkildə, növbəliliklə bir neçə il ərzində sistemin tam oturuşacağını düşünürəm. Hər halda, dünya təcrübəsi, eyni zamanda ölkəmizdə tətbiq olunan pilot layihələrdən çıxış edərək bunu deməyə əsas verir”.

Məruzəçi həkim – Mingəçevir şəhər Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin sədri Allahverdi Alıyev Mingəçevirdə icbari tibbi sığortanın tətbiq olunduğu gündən insanların rəğbətini qazandığını və prosesin uğurla davam etdiyini bildirdi. O, qeyd etdi ki, vətəndaşlar icbari tibbi sığorta üzrə istədikləri tibbi xidməti alırlar. O, konkret rəqəmlər sadalayaraq, ümumilikdə yüzlərlə insanın böyrək, ürək və digər əməliyyatları və uyğun dərman ləvazimatlarını da sığorta daxilində, başqa sözlə pul ödəmədən aldıqlarını bildirdi.

O, icbari sığorta sistemində vətəndaşların öz seçimi əsasında ailə həkimi olacağını, ilkin müayinəni ondan alacaqlarını, daha sonra isə digər zəruri tibbi xidmətlərin ailə həkiminin göndərişi əsasında həyata keçiriləcəyini dedi. Allahverdi Alıyev həmçinin, icbari sığorta sisteminin tətbiqindən sonra tibb personalının məvacibinin artacağını, həkimlərin apardıqları müayinə və əməliyyatlara uyğun bonus qazanacaqlarını və bütün prosesin şəffaf həyata keçiriləcəyini bildirdi: “Mingəçevirdə biz bunun şahidi olduq. Hazırda Mingəçevirdə elə həkim var ki, o, 6-7 min manatadək bonus alır”.

***

Göyçay rayonunda Gənclər Mərkəzində təşkil edilən analoji tədbiri rayonun baş həkimi Elçin Bilalov açdı. O, icbari tibbi sığorta ilə bağlı tibbi personalla mütəmadi söhbətlər apardığını, bunun ölkə səhiyyəsinin inkişafında əvəzsiz addım olduğunu diqqətə çatdırdı: “Cənab Prezident İlham Əliyevin özəlliklə diqqət yetirdiyi bu proses mümkün qədər qısa müddət ərzində oturuşacaq, həm vətəndaşlarımız, həm də tibbi personal üçün faydalı, yaxşı, rahat olacaq. Düşünürəm ki, qarşıdakı müddətdə biz buna dair təbliğatımızı daha da gücləndirməliyik”.

Daha sonra doktor Allahverdi Alıyev icbari tibbi sığorta, onun mexanizmləri, tətbiq qaydaları və Mingəçevir təcrübəsi əsasında geniş məruzə etdi.

Tədbirlərdə nəzərə çatdırıldı ki, icbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:
– Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
– İlkin səhiyyə (ailə həkimi) xidməti;
– Ambulator şəraitdə müayinə və müalicə;
– Stasionar müalicə;
– Funksional-diaqnostik müayinələr (USM, KT, MRT və s.);
– Fizioterapevtik xidmətlər;
– Laborator müayinələr;
– Hamiləlik və doğuş xidməti;
– Təcili vaksinasiyalar (quduzluq, tetanus, ilan zəhəri əleyhinə və s.);
– Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
– Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək olan həyati vacib açıq və qapalı ürək-damar əməliyyatları, koxlear implantasiya və s.);
– Müxtəlif xəstəliklər üzrə ciddi dispanser müşahidə.

Qeyd edildi ki, icbari tibbi sığortada xidmətlər zərfinin baza hissəsinə ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidməti aiddir. Vətəndaşlar, habelə ölkədə daimi və ya müvəqqəti yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün bu xidmətlər üzrə illik 29 manat dövlət büdcəsi hesabına ödəniləcək.
Xidmətlər zərfinin əlavə hissəsinə həkim müayinəsi, laborator diaqnostik müayinələr, cərrahi əməliyyatlar, xəstənin ehtiyaclarına uyğun qulluq və s. tibbi xidmətlər daxildir.

Xidmətlər zərfinin əlavə hissəsi üzrə icbari tibbi sığorta haqqı:
– MM və Prezident tərəfindən təyin olunan şəxslər, seçkili ödənişli vəzifədə işləyən şəxslər, habelə neft-qaz və dövlət sektorlarında çalışanlar aylıq məvaciblərinin 2 faizi məbləğində, işəgötürənlər isə hesablanmış əməyin ödənişi fondunun aylıq 2 faizi məbləğində icbari tibbi sığorta haqqı ödəyəcəklər.
Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər, müstəqil ödəyicilər (iqtisadi qeyri-fəal əhali və imtiyazlı əhali qrupuna daxil olmayan bütün şəxslər)illik 120 manat icbari tibbi sığorta haqqı ödəyəcək.
Ödəniş məbləğləri sadə dillə desək, işləyən əhali üçün aylıq 10 manat təşkil edir.

Əmək və ya mülki-hüquqi müqavilə əsasında işləmədiyi və sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı hallarda təqaüdçülər, 18 yaşadək vətəndaşlar, 23 yaşınadək peşə təhsili, orta ixtisas təhsili və ya ali təhsil müəssisələrində əyani təhsil alan şəxslər, əlillər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, Əmək Məcəlləsinə əsasən qismən ödənişli sosial məzuniyyətdə olan qadınlar, ərazi poliklinikalarında və qadın məsləhətxanalarında qeydiyyatdan keçmiş hamilə qadınlar, habelə doğuşdan sonrakı 42 gün müddətində qadınlar sığorta haqqından azaddırlar. Yəni onların sığorta haqqı dövlət büdcəsi hesabına ödənilir.

Müzakirələr çay masası ətrafında davam etdi. Həkimlərin, vətəndaşların suallarını bu sahədə böyük təcrübəsi olan Allahverdi Alıyev geniş izahla cavablandırdı.
Sonda tədbir iştirakçılarına həm özlərinin istifadəsi, həm də yaxınlarına çatdırılması üçün icbari tibbi sığortanın mahiyyətini izah edən bukletlər paylandı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elçibəyin DTK ilə bağlı verdiyi bəyanat üzə çıxdı –

Sonrakı məqalə

SOCAR-ın vitse-prezidenti: