“II Qaregin görüş üçün bizə müraciət edib” –

Şeyxülislam
11 İyul 2021 - 15:45

“İşğaldan əvvəl iki dəfə Şuşaya gəlmişdim – bir dəfə açılışda, ikinci dəfə imam təyin olunanda. Daha sonra hadisələr başladı deyə, gələ bilmədik. Ağlımıza gəlmirdi ki, elə hadisələr olacaq, torpaqlarımız işğal altına düşəcək”.

APA xəbər verir ki, bunu dini konfessiyaların rəhbərləri ilə birgə Şuşaya səfər edən Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

Şeyxülislam bildirib ki, ermənilər zəbt etdikləri torpaqlarda 30 il ərzində heç bir iş görməyiblər, ancaq dağıdıb, məhv ediblər, özlərini insanlığa layiq olmayan formada aparıblar: “Mənim də bu illər ərzində Şeyxülislam kimi öz apardığım işlər, görüşlər olub, erməni katolikoslarla da görüşmüşəm. O görüşlərdə özümü heç vaxt sındırmamışam, qürurlu dayanmışam, amma daxilimdə bir sınıqlıq vardı, çünki 1 milyona qədər qaçqın və məcburi köçkünümüz var idi”.

Rus pravoslav kilsəsinin rəhbəri Patriarx Kirill və Katolikos II Qareginlə də görüşlərinin olduğunu deyən Şeyxülislamın sözlərinə görə, həmin görüşlərdə Katolikosdan xahiş edib ki, sülhün başlanğıcı üçün heç olmasa bir neçə kəndin qaytarılmasına yardım etsin: “Razılaşmadı. Özü də bu kəndlər Dağlıq Qarabağa aid deyildi, Ağdam və ya Füzulinin kəndlər idi, amma qəbul etmədilər. Bu gün isə bizdən əsrlərin qaytarılması, yaxud hansısa kilsələrdə ibadətə şərait yaradılmasını istəyirlər. O kilsələr alban-udi kilsəsidir, ermənilər zəbt etmişdi. Katolikosun bizə müraciəti olub başqa-başqa yollarla, Patriarx Kirill və ya BMT xətti ilə görüş istəyiblər. Hələ tam cavab verməmişəm, əgər öz ambisiyalarından əl çəksələr, Qarabağın Azərbaycan torpağı olduğunu qəbul etsələr, görüşməyə hazırıq”.

QMİ sədri bildirib ki, bugünkü Zəfər ən böyük zəfərdir, ən böyük qalib isə Prezident İlham Əliyevdir: “Yüz illər boyu belə qələbəyə rast gəlməmişəm, bu gün İlham Əliyev cənabları öz adını tarixə Qalib kimi yazıb. Buradakı ibadətimizin böyük savabı, mənası var, Azərbaycan xalqı öz Şeyxinin Şuşaya gedib ibadət etməsini gözləyirdi. Digər dinlərin də nümayəndələri də mənə müraciət edirdi, qismət bu günə imiş. Bundan sonra arzumuz var ki, bu cür yerləri bir daha ziyarət edək. Bu yerlər bizim üçün müqəddəsdir, yəqin ki, digər yerləri də ziyarət edəcəyik. Din borcumuzdan biri də budur”.

A. Paşazadə qeyd edib ki, Prezidentin bu yaxınlarda iqtisadi rayonlarla bağlı imzaladığı Sərəncamda Qarabağla yanaşı, Şərqi Zəngəzurun da yer alması gələcək üçün bir işıqdır.