İki ilə yaxındır Quba Rayon Mərkəzi Xəstəxanasında yaşayan Rusiya vətəndaşı ölkəsinə yola salınıb.
Azpost.info Azərtac-a istinadən xəbər verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Moskva şəhərinə göndərilən 64 yaşlı Viktor Seryakov bundan sonra Rusiyada ahıllar evində yaşayacaq.
Viktor Seryakov xəstəxanaya 2017-ci ilin noyabr ayında təcili-tibbi yardım maşını ilə gətirilib. Tibb müəssisəsində müayinə zamanı onun gözlərinin görmədiyi, bədəninin müxtəlif nahiyələrində yaraların olduğu və bir sıra xəstəliklərə yoluxduğu müəyyənləşib.
V.Seryakov 1994-cü ilədək Rusiya Federasiyasının Vladimir vilayətində yaşayıb. Üç il məhbəs həyatından sonra azadlığa çıxan Viktor tanışının təklifi ilə Azərbaycana işləməyə gəlib. Uzun müddət Siyəzən və Quba rayonu ərazilərindəki təsərrüfatlarda çalışıb.
O, Quba Rayon Mərkəzi Xəstəxanasında qaraciyər problemləri, ağciyərdə xroniki pnevmaniya və dəri xəstəliklərindən kompleks müalicə olunub. Tibb müəssisəsində yaşayan Viktora xəstəxana heyəti qulluq edib. V.Seryakovun sənədləri olmadığından hər hansı dövlət müəssisəsinə yerləşdirilməsi mümkün olmayıb.
Xəstəxananın baş həkimi V.Seryakovla əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya müraciət edib. Azərbaycan Ombudsmanının Rusiyanın ölkəmizdəki səfirliyi və Rusiyanın Federal Ombudsmanı ilə danışıqlarından sonra V.Seryakov pasportu əvəz edən şəhadətnamə ilə təmin olunaraq vətəninə göndərilib.