İkili diplomlar hansı qaydada tanınacaq? –

Baş nazir təsdiqlədi
21 Noyabr 2019 - 11:32

 Nazirlər Kabineti “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları”nı təsdiqləyib.

Azpost.info APA-ya istinadən bildirir ki, bu Qaydalar Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 16 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir.

Dövlət Proqramı çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələri, ixtisas proqramları və təhsil səviyyələri bu Qaydalarla müəyyən edilmiş seçim meyarlarına uyğunluğun qiymətləndirilməsinin nəticələrinə görə seçilir. Bu Qaydalarda tərəflər dedikdə  beynəlxalq ikili diplom proqramını həyata keçirən yerli və tərəfdaş xarici ali təhsil müəssisələri nəzərdə tutulur. Müqavilə Təhsil Nazirliyi ilə razılaşdırmaqla, beynəlxalq ikili diplom proqramının həyata keçirilməsi ilə bağlı tərəflər arasında qarşılıqlı hüquq və öhdəlikləri özündə ehtiva edən razılaşma, beynəlxalq ikili diplom proqramı tərəflərin birgə həyata keçirdiyi və məzunlara yerli və tərəfdaş xarici ali təhsil müəssisəsi tərəfindən ali ixtisas dərəcəsinin verilməsini nəzərdə tutan ali təhsil proqramıdır.

Xarici tərəfdaş ali təhsil müəssisələrinin seçimi aşağıdakı meyarlar üzrə aparılır:

– xarici tərəfdaş ali təhsil müəssisəsinin beynəlxalq reytinqlərdə – “Times Higher Education (THE) World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” yer alması;

– xarici tərəfdaş ali təhsil müəssisəsinin bakalavr ali peşə-ixtisas dərəcəsi və magistr ali elmi-ixtisas dərəcəsi vermək səlahiyyətinin onun fəaliyyət göstərdiyi ölkənin müvafiq dövlət qurumları, keyfiyyət və akkreditasiyaya məsul aidiyyəti təşkilatları tərəfindən tanınması;

– xarici tərəfdaş ali təhsil müəssisəsinin Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal edilmiş ərazilərində fəaliyyət göstərən qondarma ali təhsil müəssisələri ilə əməkdaşlıq etməməsi;

– xarici tərəfdaş ali təhsil müəssisəsinin beynəlxalq ikili diplom proqramının icrası üçün irəli sürdüyü şərtlər sırasında əsaslı infrastruktur layihələrinin (bina tikintisi və s.) maliyyələşdirilməsi tələbinin olmaması;

– xarici tərəfdaş ali təhsil müəssisəsinin yerli ali təhsil müəssisəsi ilə həmin ixtisas üzrə beynəlxalq ikili diplom proqramının həyata keçirilməməsi.

Beynəlxalq ikili diplom proqramının həyata keçiriləcəyi ixtisasların və təhsil səviyyələrinin seçimi aşağıdakı meyarlar üzrə aparılır:

– ixtisasın Azərbaycan Respublikasının inkişaf prioritetlərinə uyğun sahələrə aid olması;

– ixtisas üzrə kadr hazırlığının aparılacağı yerli ali təhsil müəssisəsinin maddi-texniki bazasının təlim nəticələrinin əldə olunması tələblərinə cavab verməsi;

– ixtisas üzrə kadr hazırlığının ali təhsilin bakalavriat, əsas (baza ali) tibb təhsili və ya magistratura təhsil səviyyəsində aparılması.

Xarici tərəfdaş ali təhsil müəssisəsinin, beynəlxalq ikili diplom proqramının həyata keçiriləcəyi ixtisasın və təhsil səviyyəsinin meyarlara uyğunluğunun qiymətləndirilməsi Təhsil Nazirliyi tərəfindən aparılır.

Beynəlxalq ikili diplom proqramı müqavilə əsasında həyata keçirilir. Müqavilənin razılaşdırılması üçün yerli ali təhsil müəssisəsi onun layihəsini Nazirliyə təqdim edir. Müqavilənin razılaşdırılması üçün Təhsil Nazirliyi beynəlxalq ikili diplom proqramının həyata keçiriləcəyi ixtisasın aid olduğu sahədə dövlət siyasətini (tənzimləməni) həyata keçirən dövlət orqanının (qurumunun) rəyini nəzərə alır. Tərəflər arasında digər razılaşmalarla yanaşı müqavilədə aşağıdakı əsas şərtlər də müəyyən edilir:

– beynəlxalq ikili diplom proqramlarının idarə edilməsini təmin edən, xarici tərəfdaş ali təhsil müəssisəsinin, yerli ali təhsil müəssisəsinin və tabeliyində olduğu dövlət orqanının (qurumunun), habelə ixtisas proqramının aid olduğu sahənin nümayəndələrindən ibarət Rəhbər komitənin yaradılması və onun səlahiyyətləri;

– beynəlxalq ikili diplom proqramı çərçivəsində təlim-tədris prosesinin təşkili və şərtləri;

– ən azı 70 faizi hissəsində təhsilin yerli ali təhsil müəssisəsində həyata keçirilməsi şərtilə beynəlxalq ikili diplom proqramının yerinə yetirilməsi müddəti;

– xarici tərəfdaş ali təhsil müəssisəsinin professor-müəllim və inzibati heyət üzvlərinin beynəlxalq ikili diplom proqramlarını həyata keçirən yerli ali təhsil müəssisəsində tədrisə cəlb edilməsi şərtləri;

– tələbələrin seçiminin təşkili, keçirilməsi, nəticələrinin elan edilməsi, tələbələrin beynəlxalq ikili diplom proqramında iştirakı qaydası və şərtləri;

– tərəflərin tətbiq etdikləri qiymətləndirmə sistemləri və təhsil kreditlərinin tanınması;

-akademik müvəffəqiyyətsizlik hesab edilən hallar və onların nəticələri, o cümlədən tələbələrin digər ixtisasa və ya ali təhsil müəssisəsinə köçürülməsi, təhsillərinin dayandırılması şərtləri;

– tələbələrin xarici tərəfdaş ali təhsil müəssisəsinin elektron informasiya ehtiyatlarından (“e-library”) istifadəsi şərtləri;

– beynəlxalq ikili diplom proqramının məzunlarına ali ixtisas dərəcəsinin verilməsi şərtləri;

– beynəlxalq ikili diplom proqramlarının dayandırılması şərtləri.

Beynəlxalq ikili diplom proqramları üzrə təhsil alacaq tələbələrin seçimini Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının nəticələri əsasında tərəflər aparırlar. Yerli ali təhsil müəssisəsinin maddi-texniki bazası imkan verdiyi və müqavilədə nəzərdə tutulduğu halda, seçim başa çatdıqdan sonra beynəlxalq ikili diplom proqramları üzrə ödənişli əsaslarla təhsil alacaq tələbələrin seçimi aparılır.Beynəlxalq ikili diplom proqramlarına tələbə seçimi zamanı tərəfdaş xarici ali təhsil müəssisəsinin müqavilə ilə müəyyən edilmiş seçim şərtləri təmin olunur. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin beynəlxalq ikili diplom proqramlarına seçimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın tələbləri nəzərə alınmaqla aparılır. Beynəlxalq ikili diplom proqramlarına tələbə seçimi şərtləri yerli ali təhsil müəssisəsinin internet səhifəsində yerləşdirilir.