“İmişli bazarının sığortası olmayıb, indi deməliyik “cəhənnəmə ki eləməmisiniz?!” –

Deputatdan etiraz
02 İyul 2021 - 14:22

“AZAL büdcənin pulu və dövlətin zəmanəti ilə təyyarə alır, biz də basa-basa gedib Tiflisdən uçuruq. Uzun sözün qəsası, Tarif Şurası ləğv edilməli və səlahiyyətləri isə Parlamentə verilməlidir”.

Bunu parlamentin növbədənkənar iclasında çıxış edən deputat Razı Nurullayev bildirib.
Deputat qeyd edib ki, 10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, 10 milyonluq xalqın hər bir nəfərini təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir: “İnanıram ki, bu qərarın mənfi təsirini azaltmaq üçün hökumət tərəfindən əlavə sosial qərarlar və sosial paketlər hazırlanacaqdır. Milli Məclis də bu yöndə lazımi müzakirələri keçirməlidir.

Bildiyiniz kimi, İmişlinin bazarı yandı və rayon ciddi bir fəlakət yaşadı. İndi zərərçəkənlər kompensasiya tələb edir. Hökumət düşünür ki, mən niyə ödəniş etməliyəm? Bazarın yiyəsi bəlli, pul qazanan bəlli. Xüsusən də “sığorta etdirin” xəbərdarlığını da etmişdilər.

Belə çıxır ki, biz onlara deyirik ki, axı demişdik ki, sığorta edin, etmədiniz, “cərə edin, cəhənnəmə edin. İndi isə, açılın başımızdan”. Yox, onda bu dövlət olmadı. Dövlət ərköyün uşaq kimi davrana bilməz, nəyisə boş verə və məsuliyyəti də vətəndaşların üzərinə qoya bilməz. Əgər bir biznes sahəsinin sığortası yoxdursa və fəlakət halında yük dövlətin üzərinə düşəcəksə, dövlət də zəhmət çəkib önləyici addımlarını atsın. Sığortası olmayan bazar, ticarət mərkəzi işləməməlidir. İşləməsinə icazə verilibsə, bu boşluq yaradılıbsa məsuliyyət vətəndaşın yox dövlətindir. Onun üçün də İmişlidə zərərçəkənlərin yükü dövlətin boynundadır. Onları qəbul edib dinləsinlər. Bundan sonrakı oxşar fəlakətləri önləmək üçün sığorta sistemi məcburi olmalı, işlək vəziyyətə gətirilməli və sığorta şirkətlərinə də müştəri məmuniyyəti təəbləri ciddi şəkildə sərtləşdirilməlidir. Çıxış yolu budur!”.