Kardiologiya sahəsində xolesterinə nəzarətlə bağlı yanaşma dəyişir. ABŞ-ın aparıcı mütəxəssisləri 2018-ci ildən qüvvədə olan tövsiyələri yeniləyərək xolesterin pozuntularının daha erkən aşkarlanmasını və ürək-damar xəstəliklərinin qarşısının daha tez alınmasını təklif ediblər.
Azpost.info bildirir ki, ScienceAlert-in məlumatına görə, yeni yanaşmanın əsas məqsədi infarkt və insult kimi ağır nəticələr yaranmamışdan əvvəl riskləri müəyyənləşdirməkdir.
Müalicə daha erkən başlaya bilər
Yeni qaydalarda həyat tərzinin dəyişdirilməsi yenə də ilk addım olaraq qalır. Lakin xolesterin səviyyəsi müəyyən müddət ərzində normallaşmırsa, dərman müalicəsinə əvvəlkindən daha tez başlanması nəzərdə tutulur.
Mütəxəssislərin fikrincə, “pis” xolesterinin uzun müddət aşağı səviyyədə saxlanılması ürək-damar xəstəliklərindən qorunmanı gücləndirə bilər.
Xolesterin uşaqlıqdan yoxlanılmalıdır
Yeni tövsiyələrdə müayinələrin başlanma yaşı ilə bağlı da dəyişiklik var.
Əgər daha əvvəl analiz aparılmayıbsa, uşaqlarda lipid profilinin 9-11 yaş arasında yoxlanılması tövsiyə edilir. Ailədə ciddi irsi xəstəliklər və ya xolesterin mübadiləsi pozuntuları varsa, müayinə daha erkən – 2 yaşdan etibarən aparıla bilər.
Böyüklər üçün yeni risk kalkulyatoru
30-79 yaş arasında olan şəxslərin ürək-damar riskinin qiymətləndirilməsi üçün PREVENT kalkulyatorundan istifadə olunması təklif edilir.
Bu sistem yaş, arterial təzyiq, xolesterin səviyyəsi və digər göstəricilər əsasında insanın qarşıdakı 10 və 30 il ərzində ürək-damar xəstəliyinə tutulma ehtimalını hesablamağa imkan verir.
“Pis” xolesterin üçün yeni hədəflər
Yeni tövsiyələr risk səviyyəsindən asılı olaraq LDL, yəni “pis” xolesterin üçün müxtəlif hədəflər müəyyənləşdirir:
sərhəd və orta risk qrupunda – 100 mq/dl-dən aşağı;
yüksək risk qrupunda – 70 mq/dl-dən aşağı;
aterosklerozu təsdiqlənmiş çox yüksək riskli xəstələrdə – 55 mq/dl-dən aşağı.
Ürək-damar xəstəliyinin inkişaf riski 10 il ərzində 3-5 faiz olduqda profilaktik dərman müalicəsi məsələsi müzakirə edilə bilər. Risk 5-10 faiz arasında olduqda isə dərman müalicəsinə daha ciddi yanaşılması tövsiyə olunur.
Statinlər əsas müalicə olaraq qalır
Dərman müalicəsində əsas yeri statinlər tutur. Onların kifayət qədər effekt vermədiyi və ya fərdi dözümsüzlük olduğu hallarda ezetimib, bempedoik turşu, PCSK9 inhibitorları və inklisiran kimi preparatlardan istifadə edilə bilər.
Bununla yanaşı, mütəxəssislər vurğulayırlar ki, dərman müalicəsi sağlam qidalanma, müntəzəm fiziki aktivlik və həkim nəzarəti ilə birlikdə daha effektivdir.
Sunay