İngiltərənin cənub sahilində yerləşən Qosport şəhərində La-Manş boğazını kiçik qayıqla keçən miqrantların sahilə gətirilməsi zamanı etirazçılarla polis arasında qarşıdurma baş verib.
Təxminən 150 miqrasiya əleyhdarı miqrantların Kral Milli Xilasetmə Qayığı İnstitutunun (RNLI) əməkdaşları tərəfindən sahilə çıxarılmasının qarşısını almaq üçün toplaşıb. Bu gün səhər saatlarınadək davam edən etiraz zamanı bəzi şəxslər məşəllər yandırıb, polis əməkdaşları ilə qısamüddətli qarşıdurmalar yaşanıb.
Böyük Britaniyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, RNLI və Fransa gəmisinin iştirakı ilə La-Manş boğazının mərkəzi hissəsində keçirilən xilasetmə əməliyyatı zamanı 149 miqrant götürülüb. Onlar daha sonra avtobuslarla Kentdəki miqrasiya mərkəzinə aparılıblar. Qosportda etiraz əsasən sakit keçsə də, bəzi nümayişçilər polis avtomobillərinin qarşısında dayanaraq onların hərəkətinə mane olublar. Hempşir polisi bildirib ki, dənizdə baş verə biləcək fövqəladə vəziyyət zamanı müvafiq qurumlara dəstək göstərmək məqsədilə əraziyə əməkdaşlar cəlb olunub.