İngiltərədə yeni növ koronavirus infeksiyası (COVID-19) ilə bağlı tətbiq edilən bir sıra məhdudiyyətlər iyulun 4-dən etibarən aradan qaldırılacaq.
APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın Baş Naziri Boris Conson Aşağı Palatadakı çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iyulun 4-dən restoranlar, iaşə obyektləri, hotellər, kinoteatrlar, muzeylər və kitabxanalar açılacaq: “Yeni qaydalara əsasən, maksimum 30 nəfərin iştirak etdiyi toy məclislərinə icazə veriləcək. Bundan başqa, bərbərxanalar, açıq havadakı idman zalları və oyun meydançaları da açılacaq”.
Baş Nazir deyib ki, iyulun 4-dən sosial məsafə bir metrə endiriləcək: “Buna görə insanlar mümkün olan yerdə iki metrlik məsafə saxlamalı, ancaq mümkün olmayan yerlərdə isə minimum bir metr məsafə saxlamalıdır”.
Conson qeyd edib ki, hökumət ikinci dalğa riskinin olduğuna inanmır.
O vurğulayıb ki, bütün məhdudiyyətlər bir anda qaldırıla bilməz, bunun üçün bir az daha zamana ehtiyac var.