Yeni evə köçən insanların əksəriyyəti ilk günlərdə qəribə narahatlıq, yuxu pozğunluğu və qərarsızlıq hiss etdiyini deyir.
Psixoloqlar bildirirlər ki, bunun səbəbi yeni məkanın deyil, beynin işləmə mexanizmidir.
Beyin təhlükəsizliyi yenidən qiymətləndirir
İnsan beyni tanış mühitdə özünü təhlükəsiz hiss edir. Yeni evə köçdükdə isə bütün səslər, qoxular və görüntülər yenidir. Beyin bunları analiz etdiyi üçün ilk günlər daha çox enerji sərf edir.
Araşdırmalar göstərir ki, yeni mühitdə beynin bir yarımkürəsi daha ayıq qalmağa meyllidir. Bu, təkamül dövründən qalan müdafiə mexanizmi hesab olunur. Məhz buna görə insanlar ilk gecələr tez-tez oyanırlar.
Köhnə ev üçün darıxmaq normaldır
Psixoloqlar bildirirlər ki, insanlar təkcə divarlara deyil, gündəlik vərdişlərinə bağlanırlar. Mətbəxin yeri, pəncərədən görünən mənzərə və qonşular belə psixoloji rahatlıq yaradır. Bu səbəbdən yeni evə köçən insanlar bir müddət nostalji hiss edə bilərlər.
Adaptasiya nə qədər çəkir?
Mütəxəssislərin fikrincə, insanların əksəriyyəti 3-8 həftə ərzində yeni mühitə tam uyğunlaşır. Bu müddət ərzində gündəlik rutinlərin qorunması prosesi sürətləndirir.
Psixoloqlar ilk günlərdə eyni yuxu rejimini saxlamağı, sevimli əşyaları görünən yerlərə qoymağı, yeni qonşuluqda piyada gəzməyi və evi tədricən fərdiləşdirməyi tövsiyə edirlər. Onların fikrincə, insanın “ev hissi” məkanın böyüklüyündən deyil, orada formalaşan təhlükəsizlik və rahatlıq duyğusundan asılıdır. Bu səbəbdən yeni evə alışmaq üçün beyinə sadəcə bir qədər vaxt vermək kifayətdir.
N.Talıbov