“iPhone 17 Pro” ən baha bu ölkədə satılır– Azərbaycan ilk üçlükdədir

“Apple” şirkətinin istehsal etdiyi “iPhone 17 Pro” (256 GB) modelinin ən yüksək qiymətə satıldığı ölkə Türkiyə, ən ucuz satıldığı ölkə isə Yaponiya olub.

AzPost xəbər verir ki, bu barədə “Deutsche Bank”ın 41 ölkəni əhatə edən araşdırmasında bildirilir.

Araşdırmaya əsasən, telefonun istehsal olunduğu ABŞ-də “iPhone 17 Pro”nun satış qiyməti 1 181 dollar təşkil etdiyi halda, eyni model Türkiyədə 2 592 dollara satılır. Bu da ABŞ-dəki qiymətdən təxminən 2,2 dəfə çoxdur.

Reytinqdə ikinci yerdə Braziliya (2 260 dollar), üçüncü yerdə isə Misir (1 872 dollar) qərarlaşıb.

Siyahının son pilləsində isə Yaponiya yer alıb. Burada “iPhone 17 Pro” (256 GB) modelinin qiyməti 1 121 dollar təşkil edir. Bununla da Yaponiya araşdırmada ABŞ-dən daha ucuz qiymətə “iPhone” satılan yeganə ölkə kimi göstərilib.

Araşdırmada qeyd olunur ki, ölkələr arasında qiymət fərqləri əsasən əlavə dəyər vergisi (ƏDV), idxal rüsumları, xüsusi istehlak vergiləri, qeydiyyat ödənişləri və valyuta məzənnələrinin təsiri ilə formalaşır.

Xüsusilə Türkiyədə smartfonlara tətbiq olunan 20 faizlik ƏDV, yüksək xüsusi istehlak vergisi və cihazların qeydiyyat rüsumları son satış qiymətini əhəmiyyətli dərəcədə artırır.

Yaponiyada isə 10 faizlik istehlak vergisi, bazardakı güclü rəqabət və “Apple”ın uzunmüddətli qiymət strategiyası sayəsində cihaz daha münasib qiymətə təklif olunur.

Azərbaycan ilk üçlükdə ola bilər

Azərbaycan “Deutsche Bank”ın araşdırmasına daxil edilməsə də, hazırda ölkədə “iPhone 17 Pro” (256 GB) modelinin orta pərakəndə satış qiyməti təxminən 3 290 manat və ya 1 935 dollar təşkil edir.

Bu göstərici əsasında hesablandıqda, Azərbaycan Türkiyə və Braziliyadan sonra “iPhone 17 Pro”nun ən baha satıldığı ölkələrdən biri hesab oluna bilər.

Ekspertlər hesab edirlər ki, Azərbaycanda da cihazların qiymətinə rəsmi idxal xərcləri, vergi və logistika xərcləri, eləcə də satış şəbəkələrinin qiymət siyasəti təsir göstərir. Bu səbəbdən eyni model müxtəlif ölkələrdə yüzlərlə dollar fərqlə satışa çıxarılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.