Süni intellekt texnologiyalarının tətbiqi ilə əlaqədar işçi sayını azaldan bəzi şirkətlər gözlənilən nəticəni əldə edə bilmədikləri üçün əvvəlki əməkdaşlarını yenidən işə götürməyə başlayıblar. Bu tendensiya “Süni intellekt bumeranqı” adlandırılıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Associated Press” (AP) agentliyi məlumat yayıb.
Məlumata görə, dünya üzrə şirkətlər iş yerlərinin ixtisarına səbəb kimi getdikcə daha çox süni intellekt texnologiyalarını göstərirlər. Lakin bəzi işəgötürənlər avtomatlaşdırılmış sistemlərin mürəkkəb tapşırıqları yerinə yetirməkdə və işin keyfiyyətinə nəzarətdə gözlənilən səviyyəyə çatmadığını görüblər. Nəticədə daha əvvəl ixtisar edilən əməkdaşların bir qismi yenidən işə dəvət olunur.
Kadr agentliyi “Robert Half”ın məlumatına əsasən, maliyyə, marketinq, hüquq və səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərin rəhbərləri 2026-cı ildə süni intellekt və avtomatlaşdırma səbəbindən bəzi vakansiyaları ləğv etdiklərini, sonradan isə eyni və ya oxşar vəzifələrə yenidən işçi götürdüklərini bildiriblər.
“Robert Half” şirkətinin baş regional prezidenti Bill Driskoll hesab edir ki, tənqidi düşüncə, əməkdaşlıq, yaradıcılıq və iş təcrübəsi tələb edən sahələrdə süni intellekt insanları tam əvəz edə bilmir. Bu səbəbdən şirkətlər həmin işlərin icrası üçün yenidən insan əməyinə ehtiyac duyurlar.
Agentlik bu tendensiyaya nümunə kimi “Ford” şirkətini də göstərib. Belə ki, avtomobil istehsalçısı süni intellekt alətlərinin keyfiyyətə nəzarət prosesində gözlənilən nəticəni verməməsindən sonra yay aylarında 350 təcrübəli mühəndisi işə götürüb və ya vəzifəsini yüksəldib.
