İpoteka və Kredit Zəmanət Fondu (İKZF) “Bakı KOB Evi”ndə iqtisadçı-ekspertlərlə görüş keçirib.
İKZF-dan bildirilib ki, sahibkarlığa dəstək alətlərinə həsr olunmuş tədbirdə fondun Kredit zəmanət departamentinin direktoru Elşən Kərimov təqdimatla çıxış edib.
Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 29 noyabr tarixli Fərmanı ilə ölkədə ilk dəfə olaraq sahibkarların manatla aldıqları kreditlərə zəmanətin və bu kreditlər üzrə hesablanmış faizlərə görə subsidiyanın verilməsinə başlanılıb.
İndiyədək müvəkkil banklar tərəfindən fondun zəmanəti ilə sahibkarlara 511 milyon manata yaxın kredit verilib ki, bunun da 80 milyon manata yaxını cari ilin yanvar-oktyabr aylarının payına düşür. Fondun zəmanəti və faiz subsidiyası hesabına sahibkarlara ayılan kreditlər vasitəsilə maliyyələşən layihələrdə 6600 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2022-ci il tarixli Fərmanı ilə fondun sahibkarlığa dəstək alətlərinin çeşidi artırılıb.
Cari ildən etibarən daha iki yeni alətin – sahibkarların manatla aldıqları kreditlərə münasibətdə kredit portfelinin təminatı, həmçinin istiqrazlar üzrə emitentlərin (sahibkarların) öhdəliklərinə təminat mexanizmlərinin tətbiqinə başlanılıb. Yeni alətlərin tətbiqi qeyri-neft sektorunda fəaliyyət göstərən mikro və kiçik sahibkarların, eləcə də emitent şirkətlərin maliyyə vəsaitlərinə əlçatanlığının artırılmasına imkan verəcək.