İran Azərbaycanla sərhəddə hansı silahlarla hərbi təlim keçir? –

Şahın SSRİ-dən aldığı tanklar, Vyetnamdan qalan amerikan texnikası (TƏHLİL)
02 Oktyabr 2021 - 14:11

İran sentyabrın 29-dan Naxçıvan sərhədi yaxınlığında genişmiqyaslı hərbi manevrlərə başlayıb.

Azadlıq Radiosunun Fars xidməti Radio Fərda yazır ki, “Xeybər fatehləri” təlimlərinə əslində daha tez başlanıb.

Radio Fərdanın təhlili məqaləsində deyilir ki, İran Naxçıvanla sərhəd bölgələrə genişmiqyaslı döyüş birləşmələrinin və hərbi texnikanın cəmləşdirilməsinə sentyabrın 25-dən başlayıb.

Belə bir məqama diqqət yetirilir ki, bu, vaxt etibarilə Azərbaycan, Türkiyə və Pakistanın xüsusi qüvvələrinin Naxçıvanda keçirdiyi birgə manevrlərin ikinci fazasına təsadüf edir.

Bu da vurğulanır ki, həmin günlərdə Azərbaycan tərəfinin hərəkətləri ilə İrandan Ermənistana yük daşımalarında problem yaranmağa başlayıb.

Məqalədə deyilir:

“Bundan bir neçə gün əvvəl, sentyabrın 20-də Tehran bir neçə zirehli briqada və İnqilab Keşikçiləri Korpusunun (İİKK) quru qüvvələrinin 31-ci Aşura diviziyasının Araz çayı sahilində keçirdiyi gecə təlimi ilə Bakıya hərbi və siyasi mesaj göndərmək istəmişdi”.

Məqalə müəllifinin fikrincə bu, Azərbaycan tərəfinin yanacaq daşıyan iki təbrizli sürücünü Qafan-Gorus yolunda saxlaması ilə bağlı idi.

Manevrdən uzun hazırlıq

Xəbər verilir ki, “Xeybər fatehlərii” manevrlərində iştirak edən zirehli texnikanın və artilleriyanın əsas hissələri Poldəşt şəhəri yaxınlığında yerləşdirilib. Bir sıra başqa texnikalar habelə Maku şəhəri yaxınlığındakı Qaratəpə ərazisinə göndərilib.

Hərbi təlimlərin keçirildiyi məkan Azərbaycan-Ermənistan sərhədinin bilavasitə yaxınlığındadır. Burada söhbət Naxçıvana Poldəşt və Culfa keçidləri, habelə Ermənistana Norduz keçidi, Naxçıvan-Türkiyə sərhəd keçidi və Makudakı Bazarqan keçidlərinin yerləşdiyi 50 kilometrlik zolaqdan gedir.

Məqalədə daha sonra “Xeybər fatehləri” manevrlərində iştirak edən hərbi texnikadan, onun döyüş hazırlığı və hazırkı vəziyyətindən bəhs olunur.

Qeyd olunur ki, hərbi təlimlərdə istifadə olunan zirehli texnika Qəzvindəki 116-cı, Zəncandakı 216-cı mexanikləşdirilmiş piyada briqadalarına və Həmədandakı 316-cı zirehli diviziyaya aiddir.

Bu da bildirlir ki, bu üç briqadadan başqa, təlimlərə habelə 25-ci xüsusi qüvvələr briqadasının bir neçə vahid texnikası göndərilib.

Vyetnam müharibəsindən qalma silahlar…

Müəllif qeyd edir ki, İranın başqa bölgələrindən fərqli olaraq bu bölgədəki hərbi texnika kiçik modernləşdirmələrə baxmayaraq müasir döyüşlərdə istifadə üçün xeyli köhnəlib.

Bunlara misal olaraq sözü gedən briqadaların silahlandığı Chieftain tanklarını və M-113 zirehli transportyorlarını göstərmək olar.

Britaniya istehsalı olan Chieftain tankları 1970-ci illərdə Qərb hərbi blokunun qüvvələrində geniş istifadə olunurdu, lakin sonradan Rusiyanın daha qalın zirehli T-72 tankının istehsalı ilə əhəmiyyətini itirmişdi.

Məsələn Chieftain tankının topu 120 mm çaplı idisə, T-72-nin topunun çapı 125 mm idi.

Bu səbəbdən də şah İranının Hərbiyyə Nazirliyi Chieftain tanklarının daha müasir modifikasiyası olan Shir-1 və Shir-2 modellərini sifariş etmişdi, lakin sonradan bu sifariş ləğv olunmuş və tanklar İrana çatdırılmamışdı.

Məqalədə deyilir ki, sonradan İran-İraq müharibəsi zamanı T-72A tankları ilə döyüşlərdən zəif çıxan Chieftain tankları modernlərşdirilib və onların Azərbaycan silahlı qüvvələrində olan T-72 və T-90 tanklarına qarşı döyüş qabiliyyətinin artırılmasına çalışılıb.

Bu da vurğulanır ki, Vyetnam müharibəsi zamanəsindən qalma M-113 zirehli transportyorlarından İran ordusunda 1966-cı ildən istifadə olunur. Bu maşınlar müasir antitank raketlərinin, habelə intihar dronlarının və Türkiyə istehsalı Bayraktar TB-2 PUA-larının zərbələri qarşısında gücsüzdürlər.

İranın sözü gedən üç briqadası habelə Rusiya istehsalı BMP-2 zirehli transportyorlarından istifadə edir. Qeyd olunur ki, onlar sayca M-113-lərdən az olsalar da, İranın mexanikləşdirilmiş briqadaları daha çox məhz BMP-2-lərə güvənirlər.

Məqalədə deyilir ki, İranın mobil hücum briqadalarında Toyota mülki pikaplarından istifadə olunur və bunlardan çoxuna hətta kamuflyaj boyaları çəkilməyib.

Artilleriya

Məqalədə deyilir ki, “Xeybər fatehləri” manevrlərində çox sayda artilleriya vahidi iştirak edir. Bunların bir hissəsi təlim yerinə Kraz yük maşınları ilə daşınıb.

Artilleriya qurğuları əsasən 11-ci Marağa Artilleria qrupuna məxsusdur. Burada istifadə olunan Amerika istehsalı M-109 və M-110 toplarının adları çəkilir.

Hava hücumundan müdafiə

Müəllif yazır ki, internetdə dərc olunmuş bir neçə peyk fotosundan İran silahlı qüvvələrinin Rusiyanın Şilka antitəyyarə sistemlərindən istifadə etdiyini göstərir.

Bu da qeyd olunur ki, hər biri dörd raketdən ibarət bu sistemin həm də radarları var. İran bu sistemləri 1977-1978-ci illərdə Sovet İttifaqına sifariş edib. Lakin Şilka sistemlərinin yalnız 200-ə qədəri İrana çatdırılıb. Sifariş 1979-cu ildə İranda İslam inqilabı baş verəndən sonra ləğv olunub.

Şilka sistemlərindən əsasən ordunun zirehli və piyada birliklərinin hava hücumundan müdafiəsi üçün istifadə olunur.

Məqalədə qeyd olunur ki, Şilkanın radar sistemi hücum və intihar dronlarını “tuta” bilmir. Müəllif hesab edir ki, bu, İranın zirehli texnikasını və piyada qüvvələrini Türkiyə və Azərbaycan ordularının dron donanması qarşısında aciz qoya bilər.

Məqalədə deyilir ki, internetdə dərc olunmuş fotolardan təlimlərdə dronlarla rabitəni pozan sistemlərdən istifadə olunduğu görünür.

Hərbi-Hava Qüvvələri

Məqalədə deyilir ki, sentyabrın 27-də təlimlərə üç BH-1GG Cobra və Bell 214A Isfahan da daxil 12 helikopter qoşulub.

Bu helikopterlər Kirmanşahdakı 1-ci hərbi-hava qüvvələri bazasından Naxçıvanla sərhədin 28 kilometrliyinə gətirilib.

Məqalədə qeyd olunur ki, uzun illər ordu komandanları tərəfindən səhlənkarlığa görə hərbi helikopterlər modernləşdirilməyib. İran helikopter qüvvələrinin əsas çatışmazlıqlarından biri də kifayət qədər fərdi müdafiə vasitələrinin, məsələn infraqırmızı raket azdırıcılarının, transmitterlərin və radar həyəcanının olmamasıdır. Bu avadanlıqlar olmadan helikopterlər düşmən tərəfindən asanlıqla vurula bilir.

Hərbi təlimlərin taktikası və real döyüş

Məqalədə deyilir ki, müasir döyüşdə havada üstünlüyə malik olan tərəf qalib gəlir. Hava döyüşündə üstünlüyü isə müasir qırıcılar və dronlar təmin edir.

Qeyd olunur ki, qırıcılar və dronlar düşmənin radar və müdafiə sistemlərinin məhv edilməsində əsas rol oynayır.

Müəllif yazır ki, İran hərbi hava qüvvələri əməliyyat, hərbi və döyüş təyyarələrinin kəmiyyətinə görə Azərbaycandan üstün olsa da, Azərbaycanın malik olduğu İsrail istehsalı Harop və Harpy intihar dronları və başqa PUA-lar onu hər hansı hava döyüşündə daha güclü edir. Hərçənd dronlarla rabitəni pozan sistemlərdən istifadə PUA-ların uğurunu əhəmiyyətli dərəcədə azalda bilər.

Məqalədə deyilir ki, “Xeybər fatehləri” təliminin ssenariləri belə döyüş strategiyasına müasir döyüş meydanında yer olmadığını göstərir.

Bu da qeyd olunur ki, hücum və intihar dronlarından istifadə olunan müasir döyüşlərdə 1960-cı illərin taktikası ilə qalib gəlmək mürəkkəbdir.

Təhlildə deyilir ki, istənilən münaqişə zamanı İran ordusunda əsas strateji rolu zirehli texnika və piyada qüvvələri yox, İnqilab Keşikçiləri Korpusunun qısamənzilli raketləri oynayacaq.