Tehranın Tibb Universitetində İranın koronavirusa qarşı yeni istehsal etdiyi “Nura” peyvəndinin təqdimatı keçirilib.
Təqdimat mərasimində İranın səhiyyə naziri Səid Nəmaki və digər rəsmi şəxslər iştirak ediblər. Universitetin rektoru Həsən Əbdülqasım bildirib ki, kliniki yoxlamalar zamanı “Nura” peyvəndinin xəstələr üçün səmərəli olduğu müəyyən edilib. Bu peyvəndin testdən keçirilməsi zamanı orqanizmə heç bir mənfi təsiri müşahidə edilməyib. Onun sözlərinə görə, İran alimləri başqa ölkələrdə olduğu kimi peyvəndin yaradılması haqqında məlumatları gizlin saxlamır və elmi jurnallarda bu barədə məqalələr dərc etdiriblər. Peyvəndin yaradılması zamanı insan orqanizminə ziyan vura biləcək heç bir preparatdan istifadə edilməyib. İlkin mərhələdə 1 milyon, sonra isə ayda 3 milyon doza “Nura” peyvəndi istehsal olunacaq.
Bu gün isə Səhiyyə Nazirliyinin açıqlamasına görə son 24 saat ərzində İranda 7 min 34 nəfər virusa yoluxub, 123 nəfər isə yoluxaraq həyatını itirib. Bununla da İranda yoluxanları sayı 3 milyon 157 min 983 nəfərə, ölənlərin sayı isə 83 min 711-ə çatıb. Eyni zamanda xüsusi xəstəxanalarda müalicə alan 2 milyon 822 min 704 nəfər sağalaraq evə buraxılıb.