İran parlamentinin spikeri –ABŞ Yaxın Şərqdən “ləyaqətli çıxış” axtarır

İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf bildirib ki, xarici dövlətlər Yaxın Şərq ölkələri arasındakı münasibətlərə təsir imkanlarını tədricən itirir və formalaşmaqda olan yeni regional düzəndə onlara əvvəlki kimi yer olmayacaq.

Azpost.info xəbər verir ki, Qalibaf bu barədə İraqa səfəri zamanı danışıb.

İran parlamentinin spikeri Bağdadda 2020-ci ilin yanvarında ABŞ-ın hava zərbəsi nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun “Qüds” qüvvələrinin keçmiş komandanı Qasım Süleymani və İraq Xalq Səfərbərlik Qüvvələrinin komandan müavini Əbu Mehdi əl-Mühəndisin xatirəsini yad edib.

Qalibaf onların ölümündən danışarkən bildirib ki, bu komandirlərin mübarizəsi və qurbanı hazırda regionda baş verən dəyişikliklərə təsir göstərib.

Onun sözlərinə görə, formalaşmaqda olan yeni regional düzəndə xarici dövlətlərin Yaxın Şərq ölkələri arasındakı münasibətlərə müdaxiləsi sürətlə azalır.

Qalibaf həmçinin iddia edib ki, ABŞ regiondan “ləyaqətli çıxış” yolu axtarır.

İran parlamentinin spikeri İsrailin “çaydan dənizə” layihəsinin də artıq reallaşması mümkün olmayan arzuya çevrildiyini bildirib.

Qalibaf İran və İraq arasındakı münasibətlərə də toxunaraq iki ölkə arasındakı yaxın əlaqələrin əhəmiyyətini vurğulayıb.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.