İran raketləri ABŞ hərbçilərinin qaldığı hotelə düşdü– İordaniyada

İranın İordaniyaya atdığı raketlərdən birinin ABŞ hərbçilərinin qaldığı hotelə düşdüyü bildirilir.

İsrailin “7-ci kanal”ının məlumatına görə, hadisə son günlər İran tərəfindən İordaniya ərazisinə atılan raketlər zamanı baş verib.

İlkin məlumata əsasən, raketin düşdüyü hoteldə ABŞ zabitləri qalırmış.

Hadisənin təfərrüatları, o cümlədən mümkün xəsarət alanlar və binaya dəyən ziyanın miqyası barədə hələlik rəsmi məlumat açıqlanmayıb.

İordaniya hakimiyyəti isə son raket hücumları ilə bağlı açıqlamasında İran ərazisindən ölkəyə doğru 13 ballistik raketin buraxıldığını bildirib. Onlardan 10-u hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub, üç raket isə yaşayış məntəqələrindən uzaq ərazilərə düşüb. Rəsmi məlumata görə, hücum nəticəsində ölən və yaralanan olmayıb.

İran tərəfi isə son günlər ABŞ-ın Yaxın Şərqdəki hərbi obyektlərinə cavab zərbələri endirdiyini açıqlayıb. İran İslam İnqilabı Keşikçiləri Korpusunun məlumatına görə, ABŞ hərbi obyektləri İordaniya ilə yanaşı, Bəhreyn, Küveyt və İraqın Ərbil bölgəsində də hədəfə alınıb.

İranın İordaniyada ABŞ hərbçilərinin yerləşdiyi obyektlərə raket zərbələri endirdiyi barədə məlumatlar daha əvvəl də yayılıb. ABŞ rəsmiləri isə bəzi hücumlarla bağlı hərbi bazalarda itki və ya ciddi dağıntı olmadığını bildiriblər.

Beləliklə, İran-ABŞ qarşıdurması fonunda hərbi əməliyyatların İordaniyanın hava məkanına və ABŞ hərbçilərinin yerləşdiyi obyektlərə yayılması bölgədə gərginliyin daha da artdığını göstərir.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.