İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə, Ukrayna hakimiyyət orqanlarının iddia etdiyi kimi, Ukraynanın “Beynəlxalq Hava yolları” aviaşirkətinə məxsus “Boeing-737” sərnişin təyyarəsinin təsadüfən raketlə vurula biləcəyi ehtimalını təkzib edib.
“RİA Novosti” xəbər verir ki, Abedzadə laynerə raket hücumunun “elmi cəhətdən mümkün olmadığını” bildirib. Onun sözlərinə görə, həmin vaxt eyni yüksəklikdə başqa bir neçə sərnişin təyyarəsi də olub.
“Təyyarənin raketlə vurulduğu versiyası heç bir halda həqiqətə uyğun deyil”, – Abedzadə belə deyib.
Ə.Abedzadə ölkədə hərbi və mülki sektorlar arasında “tam koordinasiya”nın olduğunu vurğulayıb.
O, həmçinin İranın qara qutuları ABŞ-a təhvil verməkdən imtina etməsi barədə məlumatları da təkzib edib və bildirib ki, istintaqla maraqlanan bütün tərəflərə lazımi məlumatlar veriləcək. Qurum rəsmisi əlavə edib ki, zərurət yaranarsa, qara qutu məlumatlarının deşifrə edilməsi Fransada və ya başqa bir ölkədə aparılacaq.