İranın Xarici İşlər naziri Cavad Zərif ABŞ Dövlət katibi Mayk Pompeonu “təkəbbürlü təlxək” adlandırıb.
APA-nın xəbərinə görə, bu barədə Cavad Zərif “Twitter” səhifəsində yazıb.
“24 saat əvvəl diplomat kimi maskalanan təkkəbbürlü bir təlxək İraqın şəhərlərində insanların rəqs etdiyini iddia etmişdi. Bu gün yüz minlərlə qürurlu İraqlı qardaş və bacılarımız öz torpaqlarında ona cavab verdilər. ABŞ-ın Qərbi Asiyadakı şər varlığının sonu başladı”, – İran XİN başçısı qeyd edib.
Xatırladaq ki, İran İslam İnqilabı Keşikçilәri Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ hərbi qüvvələrinin Bağdadda endirdiyi aviazərbələr nəticəsində öldürülüb. Bununla bağlı “Twitter” hesabında paylaşım edən ABŞ Dövlət katibi Mayk Pompeo İraqda insanların Q.Süleymaninin öldürülməsini sevinclə rəqs edərək qarşıladığını yazıb.