İrandan Ukraynaya kərpic adı ilə daşınan heroin ələ keçdi –

FOTO
24 Noyabr 2021 - 08:11

Kiyevdə bir milyard qrivna dəyərində rekord miqdarda narkotik maddə – heroin müsadirə edilib. Heroin İrandan kərpic adı altında Kiyevə gətirilib.

Ukrayna milli polisinin narkotik cinayətkarlığı ilə mübarizə departamenti işə yekun vuraraq, İrandan Avropa ölkələrinə heroinin tədarükü kanalının ləğvi ilə bağlı beynəlxalq xüsusi əməliyyatın təfərrüatlarını açıqlayıb.

Üzvləri çox təhlükəli narkotik vasitə olan heroinin İrandan qaçaqmalçılıq yolu ilə Ermənistan, Gürcüstan ərazisindən keçməklə Ukraynaya keçirilməsi və Avropa İttifaqı ölkələrinə daşınması ilə məşğul olan transmilli cinayətkar dəstə ifşa olunub. Hüquq-mühafizə orqanları əməkdaşları cinayətkar qrupun təşkilatçısını və narkotik vasitələrin Ukraynaya keçirilməsi üçün kanallardan birini təşkil edən şəxsləri müəyyən ediblər.

İşbazlar heroini yük maşınlarında kərpic adı altında daşıyıblar. İstintaq tədbirləri zamanı Kiyev şəhərindəki anbarın ərazisindən ümumi çəkisi 368 kiloqram 150 qram olan 1159 ədəd briket aşkar edilərək müsadirə olunub.

Ukrayna daxili işlər nazirinin müavini Aleksandr Qoqilaşvilinin sözlərinə əsasən, qara bazar qiymətlərinə görə malın dəyəri bir milyard qrivnadan çoxdur.(Azərtac)