Amerikalıların çoxu Azərbaycanı xəritədə tapa bilməyəcək. Lakin dünyanın o hissəsində baş verən vəziyyət ABŞ -ın maraqları və təhlükəsizliyi üçün birbaşa əhəmiyyət kəsb edir. Bu barədə jurnalist Conatan S. Tobin “Azərbaycana təhdidlərə niyə fikir verməliyik” məqaləsində yazır.
Məqalə müəllifi xatırladır ki, bir neçə həftə əvvəl İran ordusunun böyük hissəsini səfərbər edib və Azərbaycan sərhədləri yaxınlığında təlimlər keçirib. Tobin hesab edir ki, bu, Bayden administrasiyasının Əfqanıstandan qoşunları geri çəkməsinin nəticəsi idi.
“ABŞ-ı zəiflədən hər şey, sona qədər Qərbə qarşı müharibə edəcəyinə söz verənləri gücləndirir. Təəccüblü deyil ki, Əfqanıstan insidentindən sonra İran gücünü nümayiş etməyə başlayıb. Baydenin nüvə anlaşmasına qayıtmaq planları onları ruhlandırıb, və iranlılar Azərbaycana bir mesajı göndərmək qərarına gəlib. İran sərhəddə qüvvələrini səfərbər edərək təlimlər keçirməklə azərbaycanlılara siqnal verir ki, İsrail və ABŞ -la yaxşı münasibətlər onları İslam Respublikasının hərbi qüdrətindən qorumayacaq”, – deyə məqalə müəllifi yazır.
Tobin qeyd edir ki, İranın təhdidləri Azərbaycanı qətiyyən qorxutmayıb. Bakı əmindir ki, iranlılar blef edirlər: “Bu həftənin əvvəlində Azərbaycan prezidenti İranla sərhəd yaxınlığında yerləşən işğaldan azad edilmiş Cəbrayıl şəhərinə səfər edib. Azərbaycan lideri bu jestlə Azərbaycanın özünü müdafiə edə biləcəyinə inamını göstərdi. İlham Əliyevin “Harop” pilotsuz təyyarəsinin yanında dayandığını göstərən fotoşəkillər də var idi”.
Məqalə müəllifi qeyd edir ki, İran duruşuna baxmayaraq, Azərbaycanla düşmənçiliyinin nəzarətdən çıxmasına icazə verə bilməz, çünki “Tehrandakı rejim artıq başqa yerlərdə təhlükəli terror konfliktlərdə batıb”.
Jurnalist yazır ki, ABŞ xarici işlərə görə məsuliyyətini başqalarına həvalə etməyə üstünlük verir.
“Azərbaycanla İran arasındakı sərhəddə vəziyyətin gərginləşməsinin səbəbi ilk növbədə İranı və digər islamçıları ruhlandıran Amerikanın zəifliyi ilə bağlıdır. Obamanın və indi isə Baydenin “uzaqdan idarəetmə” siyasəti amerikalılar və ABŞ liderliyinə arxalananlar üçün ən təhlükəli müdafiə üsuludur”, – məqalədə deyilir.