Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Kanada Parlamentinin üzvünün Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən təşkil edilmiş qondarma rejimin nümayəndəsinə göndərdiyi “təbrik məktubu”na münasibət bildirib.
T.GəncəliyevAPA-ya açıqlamasında Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının və Milli Məclisdə Azərbaycan-Kanada dostluq qrupunun rəhbəri kimi Kanada Parlamentinin Nümayəndələr palatasının erməni lobbisinə yaxın olan üzvü Reyçl Harderin“təbrik məktubu”nu qınadığını və kəskin etiraz etdiyini bildirib: “Xanım Harderə xatırladıram ki, Ermənistan beynəlxalq hüququn əsas prinsiplərinə, BMT və digər beynəlxalq təşkilatların qərarlarına zidd olaraq Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik ərazilərin qanunsuz işğalına davam edərkən, azərbaycanlı əhali 28 ildən çoxdur ki etnik təmizləmə yolu ilə zorla evlərindən qovulub və təməl insan haqlarından məhrum edilib. Bu müstəvidə, 31 mart və 14 aprel 2020-ci il tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərindəki “seçki şousu”nu “legitimləşdirməyə” cəhd etmək təməl insan hüquqlarına və qanunun aliliyi prinsipinə hörmətsizlikdir. Beynəlxalq ictimaiyyət, o cümlədən Kanada, yekdilliklə qanun və ədalətin tərəfini tutaraq “seçki şousu”nu qəti şəkildə rədd edərək Azərbaycanla həmrəy olduğunu ifadə edib.
Çox təəssüf ki, Kanada kimi insan hüquq və azadlıqlarına yüksək hörmət nümayiş etdirən bir ölkənin parlamentarisi Ermənistan tərəfindən azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasətinə dəstəyini ifadə edib, bununla da Kanadanın xarici siyasət maraqlarına və əsaslandığı dəyərlərə kölgə salıb.