“İşi bacarmırdımsa, niyə müavin təyin olunmuşam?” –

Hacıbala Abutalıbovun sabiq Aparat rəhbəri
09 Sentyabr 2021 - 19:11

Bakı Şəhər İcra Hakimiyyətinin keçmiş Aparat rəhbəri Rasim Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını cavablandırıb.

O bildirib ki, tikinti və söküntü işləri ilə bağlı sərəncam Bakı Şəhər İcra Hakimiyyətinin Baş Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən hazırlanıb: “Tikinti və söküntü işlərinin aparılması üçün hansı dövlət qurumlarından icazə alınmasından xəbərsiz idim. Mənə sənədlər hazır şəkildə gəlirdi. Buna görə də etibar edib imzalayırdım. Çünki həmin sənədləri hazırlayanlar peşəkar mütəxəssislər idilər”.

Rasim Quliyev bildirib ki, 2017-ci ildə ona müavin səlahiyyətlərini icra etmək üçün həvalə olan sənəddə qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı sərəncama nəzarəti özündə saxlayıb: “Mən 7 ay ərzində həmin vəzifəni müvəqqəti icra etmişəm. Bu 7 ay ərzində Hacıbala Abutalıbov mənim barəmdə Prezident Administrasiyasına təqdimat verə bilərdi, bunu rəsmiləşdirmək olardı. Sual olunur ki, bu niyə olunmayıb? İşi bacarmırdımsa, niyə müavin təyin olunmuşam? Yox, bacarırdımsa, niyə haqqımda təqdimat verilməyib?”

Rasim Quliyev qeyd edib ki, 9 noyabr 2015-ci ildə Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərov Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanova məktub göndərib: “Məktubda göstərilib ki, Dilarə Əliyeva küçəsindəki 145 saylı bina sökülüb. Bu səbəbdən 141 saylı ünvanda da yerləşən tarixi binanın bir hissəsi uçub. 145 saylı bina sökülən zaman 141 saylı binanın materialları da köhnə materiallar olduğu üçün orada da uçqun olub”.

Rasim Quliyev 141 və 145 saylı binaların tarixi mədəniyyət abidələri olduğunu göstərən fərqləndirici nişan olmadığını vurğulayıb. Onun sözlərinə görə, həmin ərazidə işlərin aparılması üçün bir neçə dəfə sərəncam verib, daha sonra isə həmin sərəncamları ləğv edib.

Proses sentyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Baş Prokurorluğun məlumatına görə, paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 141 ünvanında yerləşən yaşayış binalarının, habelə yerli əhəmiyyətli mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin sökülməsi və yeni yaşayış binalarının tikintisinə dair “FF-2011” Mənzil Tikinti Kooperativinə qanunsuz icazə verilməsi faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanmaqla istintaqı aparılıb.

Aparılmış istintaqla Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini vəzifəsi üzrə səlahiyyətlərinin icrası həvalə edilmiş BŞİH başçısının Aparat rəhbəri vəzifəsində işləmiş Quliyev Rasim Vaqif oğlunun təşkilati-sərəncamverici funksiyaları yerinə yetirən vəzifəli şəxs kimi qanunsuz üstünlük əldə etmək məqsədilə BŞİH başçısının Nəsimi rayonu ərazisində ofis və yaşayış binalarının tikilməsinə dair 31 may 2018-ci il tarixli 346 nömrəli sərəncamını şəxsən imzalamasına, bununla da sözügedən MTK-nın həmin ərazidə 1893-cü ildə inşa edilmiş yerli əhəmiyyətli tarix və mədəniyyət abidəsi kimi dövlət tərəfindən mühafizə olunan yaşayış evinin olmasını nəzərə almadan ayrı-ayrı fiziki şəxslərə məxsus olan mənzillərin, yaşayış və qeyri-yaşayış sahələrinin qanunsuz olaraq söküntüsünə başlamasına, habelə tikinti və söküntü işlərinin aparılmasının digər əsas şərtlərinin pozulmasına səbəb olmasına əsaslı şübhələr müəyyən olunub.

Qeyd edilənlər nəzərə alınmaqla, Rasim Quliyevə Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 314-2.3-cü (qanunla müəyyən olunmuş qaydaları pozmaqla tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.