“Biz tez-tez komandayla ünsiyyətdə olurduq. Bir dəfə yaxşıca yeyib-içdik”.
Qol.az xəbər verir ki, bu sözləri millimizin sabiq üzvü Vəli Qasımov Rusiyanın “Championat” nəşrinə müsahibəsində deyib.
İspaniyanın “Betis” klubunda çıxış edərkən başına gələn maraqlı əhvalatı danışan keçmiş hücumçu həmin dövrdə hərdən içki məclisləri təşkil etdiklərini bildirib:
“Andrey Kobelevin evində 4-5 futbolçu ilə toplaşdıq və ruslarda olduğu kimi əyləndik. Səhər ispanlar şikayətlənirdi: “Başımız ağrıyır, süd də içirik kömək etmir. Siz belə necə içirsiniz? Siz dəlisiz”. Bir sözlə, bizim kimi içmək xoşlarına gəlmədi. Deməzdim ki, biz o qədər çox içmişdik ki, baş ağrısın. Hər şey ölçüsündə idi. Səhər özümü yaxşı hiss edirdim. Adətən oyunlardan sonrakı istirahət günlərində restoranlarda yığışır, insanlardan gizlənib VİP zonalarda əyləşirdik. Orda sadəcə restorana gəlmək və sakit oturmaq olmurdu. İnsanlar yaxınlaşır avtoqraf istəyirdilər”.
Millimizin sabiq üzvü Vəli Qasımov vaxtilə çıxış etdiyi Rusiyanın “Dinamo” və “Spartak” klublarındakı məvacibinin məbləğini açıqlayıb.
“O vaxtlar maaşlar az idi, bonuslarla yaşayırdıq. “Spartak”dakı bonusum “Dinamo”dakından çox idi. “Spartak”da qələbə üçün 500, “Dinamo”da isə 250 dollar verirdilər. Ancaq hər iki klubdan aldığım maaş eyni idi. Təxminən 2-3 min rubl idi. Biz müasir futbolçular kimi çoxlu pul almırdıq”.
Qeyd edək ki, Vəli Qasımov 1992-ci ildə “Dinamo”nun heyətində Rusiya çempionatının bombardiri olub. Daha sonra İspaniya “Betis”inə keçən Qasımov, “Albasete”, “Esixu”, “Vitoriya” və “İmortal” kimi klublarda da çıxış edib.
Qeyd edək ki, Qasımov “Betis”in heyətində La Liqanın bürünc medalını qazanıb.