ABŞ prezidenti Co Bayden bu ölkədə olduğu müddətdə İsrail Müdafiə Qüvvələri Qəzza zolağında quru əməliyyatına başlamayacaq.
Azpost.info xəbər verir ki, bu barədə “Der Spiegel” öz mənbələrinə istinadən yazıb.
Mənbələrin sözlərinə görə, bir neçə gün ərzində aktiv hücum əməliyyatlarına hazırlıq görülməsinə baxmayaraq, belə bir ssenari faktiki olaraq qeyri-mümkün hesab olunur.
Baydenin oktyabrın 18-də İsrailə gəlməsi planlaşdırılır. Artıq ölkədə olan ABŞ dövlət katibi Entoni Blinkenin qeyd etdiyi kimi, prezident İsrailə güclü dəstək siqnalı vermək niyyətindədir.
“Bayden buraya İsrail, region və dünya üçün kritik bir zamanda gəlir”, – Blinken deyib.
ABŞ prezidenti İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşəcək və İsrail ordusunun Qəzzada hərbi əməliyyat keçirməsi planlarını nəzərdən keçirəcək.
Bundan əvvəl İsrail 14-15 oktyabrda Qəzza zolağında HƏMAS yaraqlılarının məhv edilməsi əməliyyatına başlamağı planlaşdırırdı. SAXAL bölgənin 2 milyondan çox sakininə təxliyə üçün 24 saat vaxt vermişdi. Lakin “The New York Times”ın yazdığına görə, İsrail ordusu komandanlığı hava şəraiti ilə əlaqədar əməliyyatın başlanmasını təxirə salmaq qərarına gəlib. Buludlu hava dronlara və piyadaları havadan dəstəkləyən təyyarələrə mane olub.
Qəzzada quru əməliyyatı 2006-cı ildə Livana hücumdan sonra ən böyük əməliyyat ola bilər. Eyni zamanda ola bilsin ki, hərbçilər 2 milyondan çox insanın yaşadığı sıx məskunlaşmış ərazidə şəhər döyüşləri aparmalı olacaqlar.
“Biz müharibənin növbəti mərhələlərinə hazırlaşırıq. Onların nə olacağını hələ deməmişik. Hamı qurudan hücumdan danışır. Bu, başqa bir şey ola bilər”, – SAXAL-ın sözçüsü Riçard Xext bildirib.
Azpost.info