“Son 20 ildə Bakı və Abşeron ərazisində Yeni il ərəfəsində 31 dekabrda yalnız 4 dəfə – 2006, 2008, 2012, 2015-ci illərdə sulu qar və qar müşahidə olunub. Yanvarın 1-də isə 3 dəfə, yəni 2007, 2009, 2016-cı illərdə qar yağıb. 2009-cu ildə hətta hündürlüyü 14 santimetr olan qar örtüyü əmələ gəlib ki, bu da Bakı üçün nadir hadisədir”.
APA-nın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, göz önündə iqlim dəyişiklikləri baş verir: “Ümumdünya Meteorologiya Təşkilatının (ÜMT) məlumatına görə, qarlı günlərin sayı azalır, buzlaqlar əriməkdə davam edir, quraqlıq dövrü uzanır. Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır, çaylarımızı qidalandıran qar örtüyü dağlarda azalır: “Biz çox istərdik ki, 2020-ci ildə və növbəti illərdə suya həssaslıqla yanaşaq. Çünki su təbiətin bizə bəxş etdiyi sərvətdir. Bir çox ölkələr susuzluqdan böyük əziyyət çəkir. Biz də gündəlik həyatımızda sudan səmərəli istifadə etməliyik. Hamımız dəyişən iqlim şəraitinə uyğunlaşmalıyıq”.