İtaliya prezident seçə bilmir –Üçüncü tur da nəticəsiz qaldı

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün keçirilən seçkilərdə səsvermənin üçüncü turunda da ilk iki turda olduğu kimi nəticə əldə edilməyib.

Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından isə 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü “Böyük Seçki Məclisi” səsvermənin üçüncü turu üçün bu gün yenidən toplaşıb. Üçüncü turda da heç bir namizəd ilk iki turda olduğu kimi lazımi səs sayına (673 səs) çata bilməyib.

Hazırkı Prezident Sercio Mattarella 125, Quido Krosetto 114, hüquqşünas Paolo Maddalena 62 səslə ən çox səs toplayıblar. Boş bülletenlərin sayı isə 412 olub.

Yanvarın 27-də səslərin yarıdan çoxunu, yəni, 505 səs yığan namizədin prezident seçiləcəyi səsvermənin dördüncü turu keçiriləcək.

Sağ mərkəzçi alyans adından çıxış edən “Liqa” Partiyasının rəhbəri Matteo Salvini İtaliyada son 30 ildə seçilən prezidentlərin ya birbaşa sol mərkəzdən seçildiyini, ya da mərkəz solçuların təklif etdiyi şəxslər olduğunu bildirib, bu dəfə sağ mərkəzçilərin təklif etdiyi şəxsin prezident olmasını istədiklərini deyib. O, sağ mərkəzçilərin Senatın keçmiş sədri Marçello Peranın, Milanın sabiq meri Letisiya Morattinin və keçmiş hakim Karlo Nordionun sağ mərkəzçi alyansın prezidentliyə namizədləri kimi sol mərkəzçilərə təqdim etdiklərini, bu şəxslərin hazırda hər hansı partiyanın üzvü olmadıqlarını bildirib.

Mərkəz-sol aylasdan “Demokrat Partiya”nın rəhbəri Enriko Letta, “Azadlar və Bərabərlər” Partiyasının lideri Roberto Speranza və bu seçkidə sol mərkəzçilərə qoşulan “Beş Ulduz Hərəkatı”nın rəhbəri Cüzeppe Konte sağ mərkəzçi alyansın təqdim etdiyi namizədləri müzakirə etmək üçün görüş keçirib. Sol mərkəzçi alyansın üzvləri sağ mərkəzçilərin namizədlərinin heç birini qəbul etməyiblər. Sol mərkəzçi alyans da sağ mərkəzçilərlə danışıqlara açıq olduqlarını bildiriblər.

Hər iki alyansın “Böyük Seçki Məclisi”ndə prezident seçmək üçün lazımi səs çoxluğuna malik olmaması bu partiyaları ortaq bir namizədlə bağlı razılığa gəlməyə məcbur edir.

Qeyd edək ki, İtaliyada prezident seçkiləri kifayət qədər səs toplanana qədər keçirilir. Səsvermənin ilk üç turunda səslərin üçdə ikisini toplayan, dördüncü səsvermədən sonra isə səslərin yarıdan çoxunu alan şəxs prezident seçilir. Bu səsvermə sistemi tətbiq ediləndən bəri seçilmiş 12 prezidentdən yalnız ikisi ilk üç səsvermə turundan sonra seçilib. 1971-ci ildə İtaliyada ən uzun müddətə başa çatan prezident seçkilərində isə Covanni Leone 23 turdan sonra qalib gələ bilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SOCAR Türkiyəyə gündəlik əlavə 4 mln. kubmetr qaz nəql edəcək

Sonrakı məqalə

Ölmüş kimi qeydiyyata alınıb pensiyası kəsilən qadınla bağlı açıqlama