SOCAR Türkiyəyə gündəlik əlavə 4 mln. kubmetr qaz nəql edəcək

“SOCAR Enerji Türkiyə” bu ilin fevral ayı ərzində Türkiyənin qazpaylayıcı şəbəkəsinə gündəlik əlavə 4 mln. kubmetr qaz tədarük edəcək. Qaz tədarükü Türkgözü giriş nöqtəsindən təmin ediləcək.

“Anadolu”nun verdiyi məlumata görə, yanvarın 20-dən etibarən İran texniki problemlər səbəbindən Türkiyəyə qaz nəqlini dayandırıb, üstəlik hava şəraitinin kəskin pisləşməsi nəticəsində əhalinin qaz istehlakı rekord həddə çatıb.

Məlumata görə, bu vəziyyətdən çıxmaq üçün sənaye sektorundan və istilik elektrik stansiyalarından qazın bir hissəsinin əhalinin ehtiyaclarına yönəldilməsi qərara alınıb.

Sözügedən fonda, yanvarın 26-da “SOCAR Enerji Türkiyə” Energetika Nazirliyindən spot qaz idxal etmək hüququnu alıb. Nəticədə, fevral ayında Türkiyəyə boru kəmərləri ilə əlavə olaraq sutkada 4 mln. kubmetr qaz tədarük olunacaq.

Hazırda Türkiyə “Türk axını” boru kəməri ilə gündəlik 44 mln. kubmetr, “Mavi axın” vasitəsilə isə 47 mln. kubmetr qaz idxal edir. Bununla yanaşı Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə gündəlik 17,3 mln. kubmetr Azərbaycan qazı tədarük edilir.

Xatırladaq ki, bu gün SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, son günlər İrandan Türkiyəyə qazın idxalı ilə bağlı texniki problemlərin yaşanması fonunda Türkiyə tərəfi müvəqqəti çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycan Qaz Təchizatı Şirkətinə (AGSC) əlavə qaz həcmlərinin idxalı ilə bağlı müraciət edib.

“Şahdəniz konsorsiumunu təmsil edən AGSC şirkəti qardaş Türkiyənin sorğusuna artıq cavab verib və mövcud imkanları səfərbər edərək, Azərbaycandan Türkiyə Cümhuriyyətinə təbii qazın ixracını yaranmış tələbata uyğun artıracaq. Hesab edirəm ki, bu addım Azərbaycan ilə Türkiyə arasında mövcud olan qarşıtərəfli dostluq və qardaşlıq münasibətlərinin inkişafına daha bir mühüm töhfə olacaq”, – o vurğulayıb.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda pensiyaya çıxma şərtləri yumşaldıla bilər

Sonrakı məqalə

İtaliya prezident seçə bilmir –