Yeni növ koronavirus (COVİD-19) infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədilə tədbirlər davam etdirilir. Bu tədbirlər çərçivəsində iyunun 13-də Səbail rayonu Salyan şosesi-2 ünvanında yerləşən jurnalistlərin yaşadığı binada dezinfeksiya işləri aparılıb.
Belə ki, jurnalistlərin yaşadığı 1-ci binada – ümumilikdə 2 blok, 17 mərtəbəli və 1000 nəfərdən artıq insanın yaşadığı ərazidə kompleks dezinfeksiya tədbirləri həyata keçirilib.
Binada ümumi istifadə yerlərində, giriş blokları və pilləkən marşlarında, sakinlərin daha çox istifadə etdiyi yerlərdən olan lift kabinələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər aparılıb.
Binada yaşayan jurnalist Nadir İsmayılovun bildirdiyinə görə bir neçə gün öncə jurnalistlər üçün tikilmiş ikinci binada infeksiyaya yoluxma aşkarlanmışdı. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun rəhbərliyi məsələyə çevik reaksiya verib və həmin binada dezinfeksiya işləri aparılıb. Ötən gün isə eyni qaydada birinci binada da dezinfeksiya işləri aparılıb.