Jurnalistikaya cəmiyyətdə marağın olmaması, bu peşənin sahibi olmaq istəyən abituriyentlərin sayında kəskin azalma, mətbuatla yanaşı, sosial şəbəkələrdə də ciddi müzakirələrə yol açıb. İllər öncə, ölkədə üç ən prestijli peşədən biri kimi qəbul olunan jurnalistika sahəsinə üz tutanların sayı indi xeyli azalıb. Əvvəllər jurnalistikaya maraq həddindən artıq çox idi. Gənclər bu ixtisasa sahiblənmək üçün əllərindən gələni edirdilər. Son vaxtlar jurnalistikaya marağın azaldığını, imicin zəiflədiyini görürük.
“Ayna” və “Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı bildirib ki, jurnalistika çətin və təhlükəli peşədir: “7-8 il əvvəl Bakı Dövlət Universitetində Jurnalistika ixtisası üzrə dərs demişəm. Məsələn, bu ixtisas üzrə qəbul olunub, təhsil alan 25 nəfərdən maksimum 3-ü jurnalist olmaq istəyirdi.
Göründüyü kimi, bu sahəyə marağın azalması prosesi çoxdan başlayıb. Jurnalistikaya və peşəkar jurnalistlərə hörmət qalmayıb. İnsanlar artıq jurnalistikanın mənasızlaşdığını görürlər. İndi əlinə telefon, fotoaparat götürən insanlar “bloqer” adı qazanırlar. Və insanlar da düşünürlər ki, təhsil almadan peşəkar jurnalist olmaq mümkündür. Ona görə də ali təhsilli “bloqer”lərin sayı jurnalistlərin sayından çoxdur və onların sözü daha keçərli olur. Ənənəvi jurnalistikaya inam yoxdur. Yaranmış vəziyyət həm də ölkədə jurnalistikanın nüfuzdan düşməsi ilə əlaqəlidir. Peşəkar jurnalistlər etik normalara, qaydalara tabe olmalıdır”. (Sherg.az)