Martın 29-da Prezident İlham Əliyevin tapşırığına əsasən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və Fövqəladə Hallar naziri general-polkovnik Kamaləddin Heydərov Rusiya Federasiyasından avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşmək məqsədilə həmin ərazidə olublar.
DSX-dan verilən məlumata görə, hazırda karantin şəraitində saxlanılan vətəndaşlarla görüş zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında geniş məlimat verilib, əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub.
Vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilmiş, üzləşdikləri problemlərlə maraqlanılmış, xahiş və müraciətləri dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə öz həllini tapması üçün tədbirlər görülüb. Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrılmış yerlər və oradakı şərait öyrənilib, vətəndaşların və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri göstərişlər verilib.
Dövlət sərhədindən buraxılış məntəqəsində rejim tədbirlərinin təşkili vəziyyəti, ölkəyə gələn şəxslərin karantin ərazisinə təxliyə edilməsi məsələləri nəzərdən keçirilib, birgə fəaliyyətin yüksək səviyyədə təşkil olunması qeyd edilib və bu istiqamətdə aidiyyəti dövlət orqanlarının əməkdaşlığının daha da təkmilləşdirilməsi üzrə müvafiq tapşırıqlar verilib.