Kəmaləddin Heydərov və rəsmi qurumlar qeydiyyatsız, “kupça”sı olmayan binaları müzakirə edib –FOTO   

Sentyabrın 19-da Fövqəladə Hallar Nazirliyinin (FHN) inzibati binasında “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli Fərmanının icrasına məsul olan müvafiq dövlət qurumlarının rəhbər şəxslərinin iştirakı ilə iclas keçirilib.

FHN-dən bildiriblər ki, tədbirdə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov, Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Nazirlər Kabineti kommunikasiya, tikinti və kommunal təsərrüfat məsələləri şöbəsinin müdiri Qasım Abdullayev, Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisinin xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısının müavini Sahib Quliyev, “Azərsu” ASC-nin sədr müavini Seymur Seyidov, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev, “Azərişıq” ASC-nin sədr müavini Ramil Yusifov, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini Orxan İsayev, FHN-in aidiyyəti rəhbər şəxsləri iştirak ediblər.

İclasda “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanından irəli gələn məsələlərin icra vəziyyəti müzakirə olunub, ötən dövrdə həyata keçirilmiş tədbirlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, Prezident İlham Əliyevin ölkə əhalisinə qayğısının növbəti bariz göstəricisi olaraq imzaladığı məlum Fərman əhalinin sosial problemlərinin, mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində atılan növbəti mühüm addımdır. Bu səbəbdən, aidiyyəti dövlət qurumları üzərilərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməlidir.

Bildirilib ki, hazırda işlər Fərmanla müəyyən olunmuş zaman çərçivəsinə uyğun həyata keçirilir. Görülmüş tədbirlər nəticəsində ümumilikdə müayinə nəticələri müsbət olan 243 binadan (kompleksdən) ümumi sahəsi 2 milyon 873 min 89 kvadratmetr olan 28 min 443 mənzilli, 497 girişli 168 binaya (kompleksə) dair müvafiq rəy tərtib edilərək aidiyyəti üzrə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Abşeron Rayon və Gəncə Şəhər İcra hakimiyyətlərinə təqdim olunub.

İclasda görülmüş işlərlə yanaşı, qarşıda duran vəzifələr, habelə Fərmanın icrası ilə bağlı qarşıya çıxan məsələlərin operativ həllinə nail olunması yolları geniş müzakirə edilib, irəli sürülmüş təkliflər ətrafında fikir mübadiləsi aparılıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Visa” və “Mastercard” Azərbaycan banklarına  qadağa qoyub

Sonrakı məqalə

Vilayət Eyvazovun iştirakı ilə püşk atıldı –