Kabel televiziyalarını tənzimləyən qanun müzakirəyə çıxarılacaq –Milli Məclisdə

“Kabel şəbəkəsi yayımı” haqqında qanun layihəsi Milli Məclisinin 2020-ci il yaz sessiyasının qanunvericilik işləri planına salınıb.

Azpost.info bildirir ki, qanun layihəsi (ikinci oxunuş) Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacaq.

Qanun layihəsi 2017-ci ildə birinci oxunuşdan keçib. 17 maddədən ibarət olan qanun layihəsi Azərbaycanda kabel şəbəkəsi yayımı ilə bağlı bəzi qadağaları nəzərdə tutur, kabel televiziyası şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir.

Layihəyə əsasən, Azərbaycanda kabel şəbəkəsi yayımında retranslyasiya olunan telekanallarda xarici reklamların yayımı qadağan edilir. Buna görə yayımçı məsuliyyət daşıyacaq.

Kabel şəbəkəsi yayımında retranslyasiya olunan xarici telekanallarda reklam vaxtlarında yayım qaydaları müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən müəyyən olunur.

Kabel şəbəkəsi yayımçısı dövlət maraqqlarının qorunması məqsədilə kabel şəbəkəsi üzrə yayımlanması nəzərdə tutulan proqram paketini müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumla razılaşdırır.

Xarici ölkələrin teleradio yayımçısı Azərbaycanda fəaliyyət göstərən yayımçının proqram paketində yayımlanmaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumdan icazə almalıdır. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən icazə verilməyən hər hansı xarici telekanalın yayımına görə yayımçı məsuliyyət daşıyır.

Kabel şəbəkəsi ilə yayımlanan mövcud teleradio proqramlarının məzmununa yayımçı nəzarət edir. Teleradio proqramlarının tərkibində dövlətin qanuni maraqlarına toxunan, etnik, irqi və dini ayrı-seçilik təbliğ edən verilişlərə görə proqramın sahibi məsuliyyət daşıyır. Yayımçı belə proqramların kabel şəbəkəsi ilə yayımını məhdudlaşdıra, dayandıra və ya yayım təşkilatı ilə bağladığı müqaviləni ləğv edə bilər.

Bundan başqa, layihədə qeyd olunub ki, Azərbaycanda kabel şəbəkəsi yayımçısı dövlət ehtiyacları məqsədi ilə icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən teleradio yayımı üçün lisenziya verilmiş yayımçıların proqramlarını ödənişsiz yayımlamağa borcludur.

Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun razılığı olmadan abonentin yaşayış və qeyri-yaşayış sahələrində kabel şəbəkəsinə teleradio proqramlarında monitorinq məqsədilə hər hansı müdaxilə qadağandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Karantin rejimini pozan 52 min 580 hərəkət iştirakçısı məsuliyyətə cəlb edilib

Sonrakı məqalə

Azərbaycan Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan vəfat edib