Kanada azərbaycanlıları bu ölkənin xarici işlər naziri ilə görüşüblər

27 Noyabr 2020 - 12:50

Noyabrın 26-da Kanadanın Azərbaycan icmasının üzvləri ilə bu ölkənin xarici işlər naziri Fransua-Filip Şampeyn və parlamentin üzvü Rob Olifant arasında virtual görüş keçirilib.

Kanada Azərbaycanlıları Şəbəkəsi tərəfindən təşkil edilmiş görüşdə Vankuver, Edmonton, Kalqari, Ontario, Kvebek daxil olmaqla, bu ölkənin bütün əyalətlərindən olan Azərbaycan fəalları iştirak ediblər.

Görüş zamanı bir çox mühüm məsələlər barədə fikir mübadiləsi aparılıb.

Azərbaycan icmasının üzvləri işğaldan azad olunmuş torpaqlarımızın bərpası, azərbaycanlı məcburi köçkünlərinin öz torpaqlarına qayıtması, sülh quruculuğu prosesinə Kanadanın töhfəsi, Qarabağ münaqişəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və son müharibə ilə bağlı məsələləri, habelə xarici işlər naziri Fransua-Filip Şampeynin Ermənistanla Azərbaycan arasında hərbi əməliyyatların dayandırılması ilə bağlı noyabrın 11-də verdiyi qərəzli bəyanatı müzakirə ediblər.

Görüşdən sonra Kanadanın xarici işlər naziri Fransua-Filip Şampeyn öz “Twitter” hesabında Azərbaycan icmasının üzvləri ilə apardığı müzakirələrdən məmnunluğunu bildirib, regionda davamlı sülhün bərqərar olmasına ümid etdiyini vurğulayıb.