ABŞ Prezidenti Donald Trampın yaratdığı Sülh Şurası Qəzza zolağında yaşayan insanların təhlükəsizliyinin təmin edilməsi və tibbi yardıma çıxış imkanlarının yaradılması ilə bağlı plan hazırlayıb.
Bu barədə şuranın “X” sosial şəbəkəsində yaydığı bəyanatda bildirilib.
“ Sülh Şurası Qəzza sakinlərinin təhlükəsiz şəraitdə yaşaması və qorunan, hərbsizləşdirilmiş tibb müəssisələrində zəruri tibbi yardım alması üçün strateji çərçivə proqramı hazırlayıb”, – deyə bəyanatda qeyd olunub.
Proqramın həyata keçirilməsi üçün şura bütün tərəflərdən onun fəaliyyətinə maneəsiz və gecikmələr olmadan davam etməsi üçün lazımi səlahiyyət və imkanların verilməsini tələb edib.
Şura bu bəyanatı İsrailin Xan Yunisdə yerləşən Nasir xəstəxanasına endirdiyi zərbədən sonra yayıb. Şuranın qiymətləndirməsinə görə, baş verənlər Trampın hərtərəfli sülh planının dərhal həyata keçirilməsinin vacibliyini göstərir.
“Axios” portalı noyabrın 8-də məlumatlı mənbələrə istinadən yazıb ki, Tramp İsrailin Baş naziri Benyamin Netanyahuya Qəzza ilə bağlı sülh planının icrası istiqamətində addımlar atmağı xahiş edib.
Amerikalı rəsminin portala verdiyi məlumata görə, anklavın bərpası ilə bağlı işlər yalnız HƏMAS-ın tərksilah edilməsi istiqamətində irəliləyiş əldə olunduqdan sonra başlayacaq.
N.Talıblı
