Kembricin ən gənc qaradərili professorunun evində meyiti tapılıb

Londonda Kembric Universitetinin professoru Ceyson Ardey 41 yaşında vəfat edib. Onun meyiti yaşadığı evdə aşkarlanıb.

Scotland Yard-dan bildirilib ki, hadisə hazırda “qəfil ölüm” kimi araşdırılır və ölümün cinayət xarakterli olduğuna dair hər hansı əlamət müəyyən edilməyib.

Ardey 2023-cü ildən Kembric Universitetində təhsil sosiologiyası professoru kimi çalışırdı. O, universitet tarixində bu vəzifəyə təyin olunan ən gənc qaradərili professor kimi tanınırdı.

Professor ölümündən cəmi bir neçə gün əvvəl vəzifəsindən istefa verib. Onun istefası akademik fəaliyyəti ilə bağlı irəli sürülən bir sıra ittihamların fonunda baş verib.

Ardey doktorluq dissertasiyasında başqa şəxslərin materiallarından istifadə etməkdə və peşəkar nailiyyətlərini şişirtməkdə ittiham olunurdu. Professor isə ittihamları rədd edir və ətrafında yaranmış vəziyyətlə bağlı təqdim edilən yanaşma ilə razılaşmadığını bildirirdi.

O, istefasını tənqidlərin artıq elmi fikir ayrılığı çərçivəsindən kənara çıxması ilə izah etmişdi. Ardeyin sözlərinə görə, ona qarşı səsləndirilən ittihamlar və müxtəlif iddialar həm özü, həm də yaxınları üçün ağır zərbə olub.

İttihamları ilk olaraq Ardeyin keçmiş həmkarı, amerikalı tədqiqatçı Neytan Kofnas irəli sürüb. Kofnas 2024-cü ildə qaradərili insanların meritorik sistem şəraitində idman və əyləncə istisna olmaqla, demək olar ki, bütün nüfuzlu mövqelərdə ola bilməyəcəyini iddia edən açıqlamalarından sonra Kembricdən uzaqlaşdırılmışdı.

Kembric Universiteti əvvəlcə Ardeyi müdafiə edərək plagiatla bağlı ittihamların araşdırıldığını və təsdiqlənmədiyini açıqlamışdı. Lakin daha sonra professorun akademik kvalifikasiyaları və fəxri vəzifələri ilə bağlı “yeni məlumatların” ortaya çıxması səbəbindən məsələni yenidən araşdırmağa qərar vermişdi.

Britaniya mediası Ardeyin xeyriyyəçilik fəaliyyəti ilə bağlı açıqlamalarını da araşdırmışdı. Professor müxtəlif dözümlülük sınaqlarında iştirakı nəticəsində xeyriyyə məqsədilə 5,5 milyon funt sterlinq topladığını bildirmişdi. O, müsahibələrindən birində 35 gün ərzində 30 xeyriyyə marafonu qaçdığını söyləmişdi.

Ardey isə The Guardian qəzetinə açıqlamasında bu məbləğin iki onillik ərzində müxtəlif insanların birgə fəaliyyəti nəticəsində toplandığını bildirmişdi.

Hazırda professorun ölümünün dəqiq səbəbi müəyyənləşdirilir. Hüquq-mühafizə orqanlarının ilkin məlumatına görə, hadisənin cinayətlə əlaqəli olduğuna dair əlamət yoxdur.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.