Kim Çen In Ukrayna müharibəsindən 22 milyard dollar qazandı

Qərbin sanksiyaları Kim Çen In rejimini iqtisadi cəhətdən zəiflətmək məqsədi daşısa da, hazırda Pxenyana milyardlarla dollar axır. 2022–2025-ci illər ərzində Şimali Koreya 22 milyard dollara qədər valyuta gəliri əldə edib. Bu, əvvəlki dörd ildə əldə olunan gəlirdən təxminən dörd dəfə çoxdur.

Azpost.info bildirir ki, bu barədə Bloomberg Economics-in analitik hesabatında məlumat verilir.

Kim Çen In hakimiyyətdə olduğu 15 il ərzində heç vaxt bu qədər böyük maliyyə imkanlarına malik olmayıb. Gəlirlərin əsas mənbəyi isə Rusiyaya silah-sursat satışıdır.

Təkcə Rusiya-Ukrayna müharibəsi Kim Çen In rejiminin xəzinəsinə 14 milyard dollardan çox vəsait gətirib. Qalan 8 milyard dollar isə Çinlə ticarət, Şimali Koreya vətəndaşlarının xaricdə əmək fəaliyyəti, İT xidmətləri, kiber cinayətkarlıq, həmçinin qanuni və qanunsuz ixrac daxil olmaqla digər mənbələrdən əldə olunub.

Ən böyük gəlir payını silah-sursat satışı təmin edib. Mövcud məlumatlara görə, artilleriya mərmilərinin satışından 9,12 milyard dollar, ağır artilleriyadan 2,38 milyard dollar, ballistik raketlərdən 1,27 milyard dollar, Şimali Koreya hərbçilərinin Rusiyaya göndərilməsindən isə 849 milyon dollar gəlir əldə edilib.

Kim Çen In əldə olunan milyardları ölkənin nüvə və raket proqramlarının inkişafına yönəldir. Son iki il ərzində Şimali Koreya ən böyük hərbi gəmilərini təqdim edib, həmçinin ballistik raketlərini modernləşdirib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.