“Ukraynanın beynəlxalq ictimaiyyəti Krım mövzusunda bir araya gətirmək baxımından təşəbbüsünü və Krım platformasını dəstəkləyirik. Bu təşəbbüsün Krım tatarları daxil olmaqla, bütün Krım və Ukrayna üçün müsbət nəticələrə vəsilə olmasını arzu edirik”.
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə səfərdə olan Ukrayna Prezidenti Vladimir Zelenski ilə görüşündən sonra keçirilən mətbuat konfransında deyib.
Ərdoğan Zelenski ilə görüşündə Türkiyə-Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi, müdafiə sənayesi, qarşılıqlı ticarət həcminin 10 milyard dollara çatdırılması, turizm, regionda sülh və sabitliyin qorunması, Krım türklərinin həyat şəraitinin yaxşılaşdırılmasına dair layihələrin reallaşdırılması üçün hərtərəfli fikir mübadiləsi aparıldığını deyib.
“Krımın ilhaqını tanımamaq yönündə prinsipial qərarımıza sadiqik”, deyə bildirən Türkiyə Prezidenti ana vətənlərini tərk etmiş Krım tatarlarının həyat şəraitlərinin yaxşılaşdırılması üçün Türkiyənin iki layihəsinin mövcud olduğunu bildirib: “Krım tatarları üçün yaşayış məntəqəsi və məscid inşa edəcəyik. Bu günki görüşümüzdə mənzil tikintisi üçün layihəmizə imza atdıq, məscid inşası üçün də çox yaxın zamanda hərəkətə keçiləcəyinə ümid edirk”. (APA)