Kobaxidzedən Azərbaycanla bağlı açıqlama: “Sıx münasibətlərimiz var”

Gürcüstan Azərbaycan və Ermənistanla əlaqələrini yüksək səviyyədə qiymətləndirir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında bildirib ki, ölkə qonşuları ilə münasibətlərin inkişafına xüsusi önəm verir.

Baş nazirin sözlərinə görə, Tbilisinin xarici siyasətində qonşu dövlətlərlə əməkdaşlığın genişləndirilməsi əsas istiqamətlərdən biridir. O qeyd edib ki, son aylarda Mərkəzi Asiya ölkələri ilə də siyasi və iqtisadi əlaqələrin inkişafı istiqamətində intensiv təmaslar həyata keçirilib. Kobaxidze son bir neçə ay ərzində həmin regionun ölkələrinə üç dövlət səfəri etdiyini, Mərkəzi Asiyanın iki dövlət başçısının isə Gürcüstana gəldiyini bildirib.

Onun sözlərinə görə, Gürcüstan özünün əlverişli coğrafi mövqeyindən iqtisadi və siyasi baxımdan daha səmərəli istifadə etməyə çalışır.

Kobaxidze ölkənin müxtəlif dövlətlərlə azad ticarət sazişlərinə malik olduğunu və bunun Gürcüstan üçün əhəmiyyətli iqtisadi imkanlar yaratdığını vurğulayıb.

Baş nazir həmçinin Orta Dəhliz üzrə daşımaların artdığını diqqətə çatdırıb. Onun sözlərinə görə, 2020-ci ildən etibarən bu marşrut üzrə yük dövriyyəsi təxminən yeddi dəfə yüksəlib.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.