“Komandanı gücləndirmək istəyirlərsə, Ronaldo tapmalıdırlar” –Veteran futbolçu Mehman Allahverdiyev

“Yığmanın baş məşqçisinin milliləşmə prosesində planının nə olduğunu bilmirəm. Fikrimcə, özümüzünkülər çağırılsa, daha yaxşı olar”.

Bunu apasport.az saytına “Kəpəz” klubunun sabiq prezidenti Mehman Allahverdiyev AFFA-nın milliləşdirilmə siyasətinə üstünlük verməsinə münasibət bildirərkən deyib.

Veteran oyunçu bunun ölkə futboluna heç bir xeyir verməyəcəyini düşünür: “Milliləşməyə üstünlük verməkdənsə, öz klublarımızın, futbolçularımızın inkişafı barədə fikirləşmək lazımdır. Yığma komanda yerli oyunçulardan ibarət olmalıdır. Gəlmələrin sonradan aqibətinin necə olacağını bilmirik. Bunlar artıq xərcdir. Əlbəttə ki, azərbaycanlı uşaqlardan ibarət yığma daha yaxşı səslənər”.

61 yaşlı futbol funksioneri milliləşdirilənlərin yığmaya heç vaxt can yandırmayacağını vurğulayıb: “İndiyə qədər çox sayda legioner milliləşdirilib. Ancaq onların içində elə biri yoxdur ki, onun yerlilərdən fərqləndiyini deyə bilək. Hələ ki, bunun bir xeyrini görməmişik. Elə milliləşdirilənlər koronavirus pandemiyası dönəmində gəlmədilər də. İndiki məqamda milliləşdirilmə, ümumiyyətlə, düzgün addım deyil, bunu heç cür dəstəkləyə bilmərəm. Bu qərarı verənlərin nə fikirləşdiyini bilmirəm, yəqin ki, onlar da istəyərlər ki, yaxşı olsun. Ancaq təəssüf ki, yaxşılığa doğru heç nə getmir”.

Mehman Allahverdiyev AFFA-nın maraq dairəsində olan oyunçularla yığmamızın güclənməyəcəyi qənaətindədir. O, həmçinin yığmanın baş məşqçisi Canni de Byazinin DÇ-2022-nin final mərhələsinə vəsiqə arzusuna da münasibət bildirib: “Dünya çempionatına vəsiqə uğrunda mübarizə aparmaq boş söhbətdir. Bu hədəfi qarşısına qoyanlar elə bilir asandır? Bunun üçün güclü heyətin olmalıdır. Təəssüf ki, bizdə hələ o səviyyədə futbolçu yoxdur. Başqa ölkələrdə də azsaylı milliləşmə var. Məsələn, Almaniya yığmasına əslən Polşadan, Türkiyədən olanlar çağırılıb. Ancaq onlar komandanın gücünə güc qatıblar. Əgər milliləşdirmə ilə komandanı gücləndirəcəksənsə, AFFA-nın siyahısında olanları yox, Belçikadan, Portuqaliyadan Ronaldo tapıb gətirməlidirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Üç yaralı qazi “YAŞAT” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilib

Sonrakı məqalə

“İşğaldan azad edilmiş ərazilərə icazəsiz getməyin!” –