“Kommunist Partiyasının rəsmisi məni qucaqlayıb “babanla fəxr etməlisən” deyib qəhərləndi” –RƏİS RƏSULZADƏ SSRİ-dəki həyatından danışdı  

Azərbyacan Xalq Cumhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadənin noyabrın 1-də ad günüdür. 

Rəis Rəsulzadə Azərbaycanın tanınmış rəssamı, Rəssamlar İttifaqının üzvü (1978-ci ildən) Azərbaycan Respublikasının Əməkdar Rəssamıdır. Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasının sədridir.

Azpost.info -ya müsahibəsində məşəqqətli ömür yaşamış nəslindən, atasından, öz həyatından danışıb.

-Bizim nəsil Səməd Vurğunun “26-lar” poeması ilə böyüyən nəsildir.  Biz sinifdə “Gəlin xəbər verim sizə mən, o millət rəhbəri Rəsulzadədən” misralarını deklamasiya ilə oxuyur, tarix dərsində onun haqqında “xırda burjua rəhbəri” ifadələri işlədirdik. Yəqin siz də bu poemanı oxumusunuz…

-Mən “26-lar” poemasını Bakıya gələndən sonra oxumuşam.

-Necə təsir elədi sizə?

– Mən orta məktəbi Qazaxstanda bitirmişəm.  Orada bizə sovet ədəbiyyatını keçirdilər. Klassiklərlə yanaşı sovet ədəbiyyatı da tədris olunurdu. Azərbaycan ədəbiyyatı haqqında ümumi məlumat verilirdi. Orta məktəbi qurtarıb Azərbaycana gələndən -1965-ci ildən sonra Azərbaycan ədəbiyyatı ilə yaxından  maraqlanmağa başladım.  Burada mən ədəbiyyatımızın xüsusiyyətləri, şairləri barədə daha ətraflı tanış ola bildim.  Süleyman Rüstəm, Mirzə İbrahimov, Səməd Vurğun yaradıcılığı ilə tanış oldum.

-Bizim ədəbi cameə sovet dövründə-xüsusən 30-cu illərdə Əmin bəy, Müsavat hökuməti barədə o qədər də ürəkaçan əsərlər yaratmayıblar.  O şeirləri, əsərləri oxuyanda nə düşünürdünüz?

– Mən kimin nəvəsi olduğumu bilirdim.  Amma şeirləri oxuyanda şairin poeziyasına, yaradıcılığına qiymət verirsən. Digər məsələlər kənarda qalır.  Elə korifeylər var ki, onlara -məsələn Hüqoya, Dostoyevskiyə  -digərlərinə dünya ədəbiyyatı çərçivəsində qiymət verirsən. Səməd Vurğun, əlbəttə böyük şairdir. Rəsulzadə də bunu qeyd edir. Səməd Vurğun yaradıcılığı barədə hələ indiyə qədər dərin tədqiqatlar aparılmayıb.

Amma indi tarixi araşdıranda görürük o zaman Azərbaycan ədəbiyyatı bölünmüşdü axı… Ziyalılar bunu özləri eləməmişdi. Bu, Rusiyanın həmin illərdəki siyasəti idi. Rəssamlar İttifaqı, Yazıçılar İttifaqı yaranmışdı.  Birliklərdə də ayrı-ayrı qruplar vardı. Məsələn rəssamlar arasında ayrı-ayrı qruplar yaranmışdı. Onların məqsədi yalnız sənətin problemlərini müzakirə etmək idi. Sırf sənətin… Amma 1936-cı ildə  SSRİ beynəmliləl şüarlar altında çıxşı etsə də sovet ideologiyasında istər-istəməz  “ruslaşdırma”, “sosialist realizmi” siyasəti üstünlük təşkil edirdi. O məqsədlə Yazıçılar Birliyi, Rəssamlar İttifaqı yaranmışdı. Təsəvür edin, SSRİ Yazıçılar İttifaqı Anna Axmatova kimi bir müqtədir şairəyə düşmən kimi baxırdı. Sovet hökümətinə belə qurumlar  yaradıcı kəsimi ideoloji baxımdan idarə etmək üçün lazım idi.  Yaradıcı adamlarla isə, məlumdur ki, ehtiyatlı dolanmaq lazımdır. Bir də gördün elə demədi, belə dedi. Problem də ki həmişə var.  Yaradıcı adamları istiqmətləndirmək üçün bu birlikləri yaradırdılar.

Bunun hardasa bir xeyri də oldu. Sovet əbiyyatında, təsviri sənətində, müsiqisində öz bəhrəsini verdi. Nəhəng əsərlər yarandı. Amma eyni zamanda o şəxsləri təcriddə saxladı sovet höküməti. Onun nəticəsi idi ki, bir şair “sus tar, istəmir səni proletar” yazırdı, digəri “oxu tar, səni kim unutar”…  Amma istedad istedaddır, onu dəyərləndirmək lazımdır.  Siyasi mövqe barədə məsələyə gəlincə, çox vaxt deyirlər ki, “o dövrlər belə idi də. Neyləmək olardı?” Bəs başqaları üçün belə deyildi? Ona görə humanitar, bəşəri mövqe həmişə əsas götürülməlidir. Mən Səməd Vurğuna hucumlar olanda buna etiraz etdim. Necə belə hucumlar etmək olar? Səməd axı böyük şairdir. Təkcə onun “Azərbaycan” şeri bəsdir ki, Səməd tarixdə qalsın. Rəsulzadəyə deyəndə ki, Səməd Vurğun sənin haqqında belə yazıb, o cavabında “düz eliyib, bəlkə də bilə-bilə elə yazıb ki, məni tanıtdırsın…”

 

-Sabah doğum gününüzdür. Ad günündə insan başqa əhvalda olur. Ötən günlər adamın gözü qarşısında canlanır. Nəslinizə ağır keşməkeşli bir tale qismət olub, məşəqqətli sürgün həyatı  yaşayıb. İstərdim sizin gözünüzdən o günlərə bir körpü salaq.  Qazaxstandan Bakıya gələndə hansı yaddaş “baqajı”nı gətirmşdiniz? 

-Mən hələ 8-ci sinifdə oxuyanda rəssamlıqla məşğul olurdum. 9-u sinfə keçəndə Krupskaya adına ümumittifaq Moskva Sənət Universitetinin  rəngkarlıq fakultəsinə qiyabi daxil olmuşdum.  Bakıya gələndə artıq təhsilim vardı.  Atam Azər bəy də rəssam idi. Mənim üçün rəssamlığa dair müxtəlif jurnallara abunə yazdırırdı. Xruşşov “ilıqlaşması” illəri idi. Moskvadan mənə yaxşı kitablar göndərirdilər. Müəlliməm Jukovskaya mənə məktubda yazmışdı ki, “əziz gənc dostum, siz istedadınızı torpağın altında məhv etməyin. Sizə heç nə lazım deyil. Siz 7 addımla irəliləyə bilərsiniz. Bilmirsiniz ki necə istedadınız var?”. Bir ayda 72 etüd edirdim. Göndərirdim. Nəzəriyyəni də yaxşı bilirdim. Oxuduğum orta məktəbi Karaqanda Universiteti  himayəyə götürmüşdü. Mən də hər həftə sənətdən mühazirə oxuyurdum.  Klassiklərdən, Ermitajdan… O qədər maraqla qarşılanırdı ki, hətta Universitetdən gəlirdilər qulaq asmağa.

Siyasi mənaya gəldikdə uğurlarım, təriflərim çoxalanda atam deyirdi ki, “özünü bir az yığışdır ha, bilmirsən mən kiməm?”. Ehtiyat edirdi sanki. Gözə çox görünməklə başımıza bəla gələcəyindən ehtiyat edirdi… Mən babamla bağlı baş verənlərdən az-çox məlumatı idim. Amma bu dərəcədə böyük bir siyasi tarixin olmasından xəbərsiz idim.

-Evdə danışırdılar babanız barədə?

-Bəli danışırdılar. Atam söhbət açırdı. Ciddi kişi idi. İş yerində belə onun tay-tuşları onu “Azer Mamedoviç” deyə çağırırdılar. Atasından-babam Məhəmməd Əmindən, dostlarından, qonşularından, taleyindən danışırdı. O  zaman qərara görə, “xalq düşməni”olanların uşaqlarını əsgərliyə aparmırdılar. Tikinti batalyonlarına göndərir, ağır işlərdə işlədirdilər. Atam da əsgərliyini Qazaxstanın sərhəddində olan Tekle şəhərində çəkirdi.  Orada qurğuşun mədənləri var. Atam orda qulluq edirdi. 1943-cü ildə atamı Hərbi komissarlığa çağırırlar. Orada ona bəyan edirlər ki, hərbi qulluq keçmək üçün İran göndərilir. Məşhəd şəhərinə… Atam heyrətdən donub qalır. Necə yəni İrana?  Oradan gəlir İrana.  1943-cü ildə 3 dövlət başçısının –Stalin, Rüzvelt və Çerçillin məşhur Tehran görüşü zamanı atam artilleriyada qulluq edib. Danışırdı ki, Məşhədə təzə gələn zaman şəhərə çıxıb gəzirmiş. Bir də görür ki, Bakıdan tanıdığı dostları, tanışları qarşısına çıxır.   Həmin tanışlar  əslən iranlı olduqları üçün sovet hökuməti onları  1935-ci ildə İrana qaytarmışdı. Bakıda yaşayanda atamı tanıyırmışlar. Görüşürlər, qucaqlaşırlar… Atama deyirlər ki, səni qonaq çağırırıq.  Yaxşı süfrə açırlar.  Atam da hərbi hissədən icazə alıb deyilən gün qonaq gəlir.  Yeyirlər, söhbət edirlər…Köhnə məhəllə adamlarıdır da…Xatirələri yada salırlar.  Məclisin şirin yerində otaqda olanlardan biri qəfildən atama “sən Məhəmməd Əminin oğlu deyilsən?”soruşur.  Sonra “atanla görüşmək istəyirsən?” sualını verir.  “İstəyirsənsə İranda bu görüşü təşkil edək”-deyə bir daha təklif edir. Atam həyəcanlanır. Ondan soruşur ki, “siz haradan bilirsiniz ki, mənim atam kimdir, nəçidir?” soruşur. Deyirdi “dərhal ürəyimə şübhə doldu ki, məni İrana hərbi qulluğa göndərilməyimdə nəsə var”.  Cavab verib ki, “yox, görüşmək istəmirəm”.  Sonradan məlum olub ki, bu NKVD-nin bir hiyləsi imiş. Məhəmməd Əmin Rəsulzadə də bundan xəbər tutur.  Dostlara deyir ki,  “Azər ağıllı hərəkət edib”. Belə görüşə razılıq versə idi tutub güllələyəcəkdilər. 1946-cı ildə qayıtdı atam İrandan… Orada yolüstü Bakıya-İçərişəhərə gedib xalasına dəyə bilmişdi.

Əvvəlcə Taldı –Kurqanda yaşadı atam. Balaca şəhər idi. Bir-birilərini tanıyırdı çoxu.  Atam deyirdi ki, bir neçə gündən sonra hiss elədim ki,  yad bir adam həmişə mən olan yerdə gözümə dəyir.  Şübhələnib.  Düz gedib üstünə.  “Mənim üçün gəlmisən?” deyə soruşur. Həmin yad adam bir müddət baxandan sonra təsdiq edib.  Atam ev ünvanını verib ona deyib ki, “axşam gəl evə, gözləyəcəyəm. Nə sözün var danışarıq”.  Kişi gəlir axşam evə. Çörək yeyəndən sonra atam deyib ki, “indi sözünü de, məni niyə izləyirsən?”.  Kişi cavabında deyir ki, “daha bitdi, sabahdan məni burada görməyəcəksən. Mən bir şey fikirləşərəm, sən yaxşı adamsan” deyib və çıxıb gedib.  Kim idi? Nə üçün gəlmişdi? Müəmmalı qaldı.  Daha bir ağır xatirəsi də vardı: 1955-ci ildə KQB-yə çağırıblar.  Atam gəlib və narazılıq edib ki, “yenə əl çəkmirsiz bizdən?”.  KQB-dən atama deyiblər ki, sizi mühüm bir xəbərə görə çağırmışıq.  Ankarada atanız Məhəmməd Əmin Rəsulzadə vəfat edib.  Təklif ediblər ki, əgər istəyirsə vidalaşmaq üçün onu Türkiyəyə göndərə bilərlər.  Amma atamın qarşısına bir neçə şərt qoyublar.  Atam şərtləri rədd edib və deyib ki, Türkiyəyə getmək istəmir. Ailəmiz həmişə belə təzyiqləri hiss edib. Atam danışırdı ki, bir dəfə böyük qardaşı Rəsul məktəbdən evə qayıdaraq ağlaya-ağlaya  “ müəlimlər yenə başlayıblar Məhəmməd Əmin belə, Rəsulzadə elə. Siz “xalq düşməninin uşaqlarısınız”… Qorxurdular bizimlə əlaqə saxlamağa. Hətta yaxın tanışlar belə bizdən uzaq qaçırdılar. Bəzi qohumlar soyadlarını dəyişdilər.

-Sizin Babanız barədə məlumatınız nə qədər idi?

-Bilirdim babam barədə. Bilridim ki, sürgün olunmuşuq.

-Məktəbdə  necə idi sizə qarşı münasibət? O dövr üçün vacib nərdivan olan pioner, komsomol sıralarında olmusunuz?

-Məktəbdə? (Pauza) Pioner də, komsomol da olmuşam. Amma Kommunist Partiyasına üzv olmamışam.  Partiya məsələsi necə olub? Bakıdan əsgərliyə gedəndə bizdən yaşlılar da vardı. Biri özünü çox pis, kobud aparırdı. Hərbi xidmət yerində onu partiyaya qəbul elədilər.  Məni də çağırdılar ki, “ərizə yaz, partiyaya girmək üçün”. Mən də partiya işçisinə dedim ki, o zırramanın partiya üzvü olduğu yerə mən üzv  ola bilmərəm. Nə qədər dedilər, partiyaya üzv olmadım.

-Bəs Bakıya qayıtmaq qərarını niyə verdiniz?

–  Dediyim kimi, orta məktəbdə oxuyanda ailəmizin tarixçəsini bilirdim. Bilirdim ki, Bakıda evimiz, bağımız olub. Pərən-pərən salınmışıq. Atama deyirdim ki, yavaş-yavaş özüm hər şeyi qaydasına qoyacağam.  Hələ 8-ci sinifdə atama demişdim ki, oxumağa Azərbaycana gedəcəym.  Deyirdi yaxşı… 11-ci sinfi bitirəndən sonra dedim ki, “mən Azərbaycana gedirəm”. Atam “ay oğul, hara gedirsən? Yaxında var da məktəb-Daşkənd, Moskva… Bakı harda qalıb? Qalmağa yer yox”. Dedim yataqxana ilə təmin edəcəklər. Atam yenə “nəyə gedirsən? Rəssamlıq nəyə gərək? İni başqa dövrandır-tv, kino…” Bir az hay-küy elədi.  Dedim “yox e, Azərbaycanı istəyirəm, ora gedirəm…” Baxdı mənə, dedi: “Yaxşı edirsən oğul. Mən səni sınayırdım…Get! Vətənə getməlisən!”

Tərs kimi attestatı gecikdirdilər. İyunun 27-də verdilər. İyulun 1-də Bakıda qəbul imtahanı başlayır.  Gəldim hava limanına…Gördüm bilet yoxdur.  Ora-bura qaçdım. O zaman terrordan mühafizə üçün təyyarədə xüsusi xidmətin 2 əməkdaşı müşayətçi kimi otururdu. Həmin gün onlardan biri işə çıxmamışdı. Həmin yeri verdilər mənə. 12A nömrəli yer. Gəldim Daşkəndə. Ordan Bakıya uçmalı idim. Bileti möhürləyib oturmalıydım Bakıya uçan təyyarəyə… Aeroport xidmətinə sənədimi və biletimi uzatdım ki möhürləsin. O da biletə baxım acıqla “olmaz, gözlə” dedi.  Necə yəni olmaz? Hay-küy saldım. Məlum oldu ki,  Daşkənddə DTK əməkdaşının oturacağı yeri satıblar Bakıdan olan bir nəfərə… Bileti möhürlədib keçidm salona. Gördüm ki, yerimdə bir saqallı, yekə bir adam oturub. DTK əməkdaşının yerini satıblarmış ona. Ağıllarına gəlməyib ki, bu yeri sata bilərlər Alma –Atada. Gəldim Bakıya. Yay idi.

-O vaxta qədər Bakıda olmuşdunuz?

-Uşaq vaxtı bir dəfə atamla gəlmişdim.  Oturdum avtobusa gəldim İçərişəhərə.  Orada Seyid  Hüseynin evi vardı. Məhəmməd Əminlə bacanaq idi.  Seyid Hüseynin uşaqları atamla xalauşağı idi. Qapını döydüm. Bir xanım çıxdı. “Kimi axtarırsınız?” soruşdu. Mən dedim ki, “Hüseyn əmigili axtarıram”. O birdən “ay, sən Azərin oğlusan? Xoş gəlmisən” deyib qabağıma yüyürdü. Seyid Hüseynin bacısı qızı Səyarə xanım idi.  Firuzə bibim arxamca gəldi.  Getdik onlara…

Səhəri gün sənədləri aprdım Əzim Əzimzadə adına Rəssamlıq məktəbinə. Günorta saat 3 idi. Qapıda oturan adam dedi ki, sənəd qəbul etmirik daha, vaxt bitib.  Dedim ki, “axı saat 5-ə qədər vaxt var”.  Kişi dönüb başqa bir adamı çağırdı. O, məndən rus dilində soruşdu ki, “əl işlərin var?”, dedim “var”.  Baxdılar, çox xoşlarına gəldi. Sonra məndən attestatı istədilər. Baxdılar, baxdılar, sonra qaytardılar ki, “yox qəbul eləmirk”.  Naəlac baxdım ki nəyə görə?  Dedilər get, bura sənlik deyil. Gözlərim də dolub.  Apardılar məni otağa. Ağabala müəllim idi. Mənim də, Tahir Salahovun başqa məşhurların müəllimi olmuşdu. İçəridə olan kişiyə üzünü tutub “Alə, Eyyub bu uşağın başına ağıl qoy…Attestatı hamısı “beş”dir. Gəlib rəssam olmağa”. Kişi də mənə dedi: “A oğul, belə qiymətlərin var, uiversitetə get…Rəssamlıq qaçmır ki. İstədiyn vaxt edərsən də…” Mən dedim ki yox, burda oxumağa gəlmişəm. Sənədlərimi apardılar digər otağa. Ağabala müəllim də mənə gülə-gülə “qorxdun deyəsən, hə? Zarafat edirdik”. Qəbul olundum.

-Sizin kimin nəvəsi olduğunuzu bildilər?

-Lap axırda, dördüncü kursda bildilər.  Necə bildiər? Mənə dərs verən müəllimlər atamın tələbəyoldaşları idi. Abdülxalıq, Böyükağa Mirzəzadə idi.  Mənə münasibətləri çox yaxşı idi. Onlar bizim ailəmizin tarixçəsini  bilirdilər.  Oqtay Salamzadə ilə atam bir yerdə oxumuşdu. Əzim Əzimzadə bizə gələndə görüb ki, atamla Oqtay meyvə qoyub şəklini çəkilər. Demişdi göndər bizim məktəbə…Çox istedadlı idi. Seyid Hüseynin oğlu olduğu üçün  mötəbər müsabiqədə tutduğu birinci yeri ona verməmişdilər. Sonra onu “xalq düşməni”nin oğlu kimi məktəbdən xaric  elədilər. Əzim Əzimzadə də heç nə etməmişdi buna görə.  Yaxşı ki, nazirlikdə bizi tanıyan bir nəfər olub. Ona xəbər çatandan sonra bu qərarı ləğv elədi, bərpa elətdirdi onu.

-Bakıya gəldiniz…

-Bakı çox gözəl idi.  Şəhər məni çox cəlb eləmişdi. Gəzirdim. Qohumlarımız vardı burda. Ata mülkümü görürdüm. Öz şəhərimdə, öz ölkəmdə, vətənimdə idim.  Rəssamlıq Məktəbini bitirən kimi hərbi xidmətə getdim. Penzaya. Orada komandir mənin istedadımdan xəbər tutan kimi heç yerə buraxmadı. Dedi yalnız mənə tabe olacaqsan… Hərbi hissənin rəssamlıq işlərini görürdüm. Ayrıca otaq ayırmışdlar mənə.

-60-70-ci illərdə Bakıda milli zəmində gizli fəaliyyət göstərən dərnəklər olub. Universitetdə Əbülfəz Elçibəy böyük bir gizli qrupa başçılıq eidb. Digər dərnəklər olub.  Heç sizinlə əlaqəyə çıxmağa cəhd ediblərmi?

– Yox, məni heç tanımırdılar.  Mən daha çox rəssam mühiti ilə qaynayıb qarışmışdım.  Rasim Babayev, Mikayıl Abdullayev, Böyükağa Mirzəzadə Ömər  Eldarov  –bunlarla oturub dururduq.  Onların yanına gəlib gedən məşhur adamlar, yüksək vəzifəli şəxslər olurdu. Portretlərini çəkdirmək üçün gəlirdilər.  Amma Bakıda də fəaliyyət  göstərən gizli qruplar barədə heç nə bilmirdim.  Onlar da mənim varlığımdan bixəbər idilər. Heç Məhəmməd Əmindən xəbərəri yox idi… Məlumat var idi babam barədə. Necə? Rəsulzadə barədə yaşlı nəslin məlumatı vardı idi. Xalq yazıçısı Elçin mənə danışırdı ki, 1955-ci ildə atam, İlyas Əfəndiyev gəldi evə… Nəsə həyəcanlı idi.  Evdə anama dedi ki, “kişi rəhmətə gedib”.  Mən də söhbətin nədən getdiyini başa düşmürəm. Azərbaycanın milli ziyalıları sən demə atama yas saxlayırblar.  Elçin dedi ki, o vaxtdan mən bilirdim ki, Məhəmməd Əmin kimdir. Bilənlər bilirdi.

Bir hadisə də yadıma düşdü. Kommunist Partiyasının Mərkəzi Komitəsindən gəlib bizə Sov.İKP -nın partiya tarixindən dərs deyən bir professor vardı.  Bir dəfə partiya tarixindən mühazirə oxuyanda  dostum Telman ondan soruşdu ki, “Məhəmməd Əmin Rəsulzadə kimdir? Bilirsiniz?” Professor tutuldu. Eynəyini gözündən çıxartdı, bir müddət Telmana baxdı, baxdı, sonra “Sən onun adını hardan bilirsən?” -deyə sual etdi. Telman da çevrilib məni göstərib “Bizim Rəisin babasıdır da…” dedi. Professor mənə baxdı, heç nə demədi. Zəng vurulandan sonra  həmin professor məni yanına çağırdı. Qoluma girib məni dəhlizin adamsız olan hissəsinə apardı. Boynumu qucaqlayıb qəhərlə “Sən bilirsənmi hansı kişinin nəvəsisən? Sən həmişə fəxr eləməlisən Məhəmməd Əminlə. O. Bu xalqın fəxridir, vaxt gələr hər şey üzə çıxacaq. Biz qorxumuzdan heç nə danışa bilmirik. Məcburuq bu partiya tarixini deməyə… Amma sən unutma, qururla gəz, sən böyük  kişinin nəvəsisən”. Təəccübdən donub qalmışdım. Kommunist Partiyasının üzvündən bu sözləri eşitmək mənim üçün gözlənilməz idi. “İstoriya Azerbaydjana” adlı 3 cidlik kitab vardı. Orada  sitatlar verilirdi. Lenin belə deyir, Şaumyan belə deyir, Rəsuzaldə isə belə deyirdi. Leninlə müqayisə olunurdu Məhəmməd Əmin…Rəsulzadə ideologiya yaratmışdı.

– Bəs yazıçı, sənət mühiti ilə əlaqələriniz vardmı?

-1965-ci ildən yataxanada qalırdım. İndiki Mədəniyyət Universitetinin binasında. O vaxt Teatr İnstitutu vardı, onun nəzdində rəssamlıq məktəbi. İnstitutun tələbələri də o yataqxanada qalırdılar.  Qonşularım Mikayıl Mirzə, Rasim Balayev, Səməndər Rzayev, Qədir Rüstəmov idi.  Mikayıl Mirzə şeri məşq edəndə hamı qaçıb gəlirdi. Elə bilirdlər dava düşüb…Rasim Balayev, Səməndər, Mikayılla dostluq edirdik. Keçmişimdən xəbərləri yox idi. Heç onlar AXC barədə ömürlərində eşitməmişdilər.

-Əlaqələriniz indi qalır?

-İndi az-az görüşürük. Səməndərin qızı ilə bu yaxınlarda görüşmüşük. Səməndər xüsusi istedad idi.  Emosional, şaqraq, fəal… Çox istedadlı idi. O cavan vaxtından rejissorların diqqətini cəlb eləmişdi. Xalq artisti Muxtar Avşarovun oğlu Ziya ilə həmin yataqxanada qalırdıq. Gəncədən köçüb gəlmişdilər. Oğlu ilə indiyə qədər dostluq edirik. O vaxt Azdramda bütün tamaşalara gedib baxırdıq.

-Babanızın –Məhəmməd Əmin Rəsulzadənin fotosunu ilk dəfə nə vaxt gördünüz?

– İlk dəfə babamın şəklini bizim Oqtayda gördüm.  Xalq rəssamı Oqtay Sadıqzadədə, Seyid Hüseynin oğlunda.  Profil şəklini mənə göstərdi. 80-ci illərin əvvələri idi. Mənə dedi ki, Fransada bir jurnal çıxıb, Avropanın görkəmli siyasətçilərinin siyahısı dərc edib. Orada Məhəmməd Əmin Rəsulzadənin də adı salınıb.  Həmin jurnal onun əlinə düşmüşdü. Oradan götürüb saxlamışdı şəkli. Gənc rəssam idim. Moskvadan gəlib sərgilər üçün sifarıiş alıb aparırdılar.  Ümumittfaq sərgisi üçün eskizlərə baxış keçirirdilər. Mən də eskizləri gətirmşdim. İşlərimi sərgi üçün götürdülər.  Pəncərənin kənarında bir  nəfər durmuşdu. Gördüm ki, mənə baxır. Salam verdi, dediki  “mən səni tanıyıram”.  Baxdım ona… Daha heç nə demədi. Otaqda olanda gördüm həmin adam qapını açıb içəri keçdi. Memar, sonralar hamının tanıyacağı Mövsum Əliyev idi.  Mənə yaxınlaşdı, əlini cibinə salıb bir şəkil çıxardı: “Bunu tanıyırsan? Babandır”dedi.  Həmin fotodan sonra plakat düzəltdilər. Soruşdum ki, “foto sizin əlinizə necə düşüb?” Dedi ki, mən Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bünyadovla işləyirəm.  Onun imkanları böyükdür. Arxivə girişi var. Məxfi sənədlərə baxa bilir. Arxivdən o çıxarıb gizilcə bu fotonu… Mövsüm Əliyev  1989-cu ildə “Odlar Yurdu” qəzetində həmin fotonu babamın tərcümeyi –halı ilə bağlı məqaləsində çap etmişdi.

– Atanız Bakıya gəlib gedirdi?

-Az-az gəlirdi. Birinci dəfə Türkmənistana keçib oradan gəmi ilə Bakıya gəlmişdi. Xəzər dənizi ilə Bakıya gələndə çox həyəcan keçirmşdi. Atam həmişə şıq geyinirdi. Şlyapa, plaş…Deyirdi ki, “düşmənlər baxır”. Gəmidə də elə şıq geyimdə imiş. Bakıya yaxınlaşanda pallı-paltarlı atır özünü suya…Hamı heyrət içində.

Bakıya gələndə qohum -əqraba ilə görüşürdü. Bir şey xətrinə dəyirdi bəzən. Bir məclisə gedəndə ona deyirdilər ki, “Azər bağışla, səni ora apara bilmərik”. İnciyirdi onda. Həmin məclisə də yüksək vəzifəli adamlar gəldiyinə görə atamın iştirakını müansib bilmirdilər.  Ona yer edirdi bu. Atam çox istedadlı idi. Qazaxstanın əməkdar müəllimi adına təqdim olunmuşdu. Amma vermədilər.  “Xalq düşməni”nin oğlu olduğuna görə. Atam 1993-cüildə Qazaxstanda rəhmətə getdi.

-Son 30 ildə Azərbaycanın 3 hakimiyyəti Rəsulzadəyə olan borcunu ödəməyə çalışıb. Vəzirov atanızın bəraət kağızını imzalayıb, prezident Elçibəy ona mənzil və vətəndaşlıq verib, Heydər Əliyev isə Azər bəyin dəfnini dövlət səviyyəsində təşkil edib.

– Mən Novxanıda Məhəmməd Əminin atasının –ulu babamın qəbrini tapmışdım. Elə bil sehirli bir qüvvə apardı məni o istiqamətə. Tikanlı məftillər arasında itib batmışdı qəbir. Rəssam dostumu götürüb məzar üstündə əski əlifba ilə olan yazını oxutdurub dəqiqləşdirmişdim.

1991-də atam Bakıya gələndə dedim “gedək babanın məzarına baş çəkək”.  Gəldi. Qəbrin böyründə boş yeri göstərib “məni burada basdırarsınız” dedi.   93-də xəstələndi. Getdim 3 ay onun yanında oldum. Ona dedim ki, gedək Bakıya. Əvvəl razılaşdı, sonra imtina elədi. Dedim “niyə getmirsən?”  Mənə cavabında “bizi istəyən də, istəməyən də var. Həmişə məni şux görüblər. İndi istəmirəm məni belə halsız, əldən düşmüş görsünlər” . Bakıda olanda “leçkomissiya”dan keçmişdi. Həkimlər serroz diaqnozu qoymuşdular. Ciddi bir şey kimi baxmadı. 93-də artıq düşdü.  Mənə dedi ki, arzusu vətəndə dəfn olunmaqdır.  Sual verdi: “Aparacaqsan da məni vətənə?” Dedim “belə danışıqlar lazım deyil, ata”. Əlini qaldırıb “necə xoşbəxtəm mən, vətəndə dəfn olunacağam” dedi.  Bir detal da yadıma düşdü. Atamın ağrıları şiddətlənmişdi. Bir gün gördüm bir molla bizə gəldi. Molldadan soruşdum nəyə gəlib. Molla dedi ki, ağrının şiddətinə dözə bilməyən atam intihar etmək fikrinə düşübmüş. Mollanı çağıtdırıb soruşub ki, özünə qəsd eləsə Allaha xoş gedərmi? Molla onu fikrindən daşındırmışdı.  Yuxuda vəfat elədi. İyulun 8-də. Həmişə elə ölmək istəyirdi.  Həmin vaxt Bakıda Sürət Hüseynov qiyamı baş vermişdi. Əbülfəz Elçibəy Kələkiyə getmişdi. Respublikaya Heydər Əliyev rəhbərlik edirdi. Mən Bakıya zəng vurub nəşi gətirmək üçün kömək etmələrini xahiş etdim.

Zəng vururam Murtuz Ələsgərova, digərlərinə…Heç kim gedib Heydər Əliyevə demir məlumatı. Axırda deyəsən Anar demişdi ki, bəs Məhəmməd Əmin Rəsulzadənin oğlu Azər vəfat edib. Heydər  Əliyev əsəbi halda “hələ nəşi gətirməmisiniz?” -deyib və dərhal təyyarə ayrılmasına göstəriş verib. Mən də daha ümidimi kəsmişdim, hazırlaşırıdm ki, məsələni həll edim. Bu zaman zəng gəldi ki, hazır olun Bakıdan xüsusi təyyarə gəlir. Nümayəndə heyəti gəldi: Hidayət Orucov, 7-8 nəfər gəlmişdi. Sürgündə atamın tələbəsi olan Murtuz Sadıxov da bizimlə gəldi. Azərbaycan onda MDB-nin üzvü deyildi. Cənazəni sənədləşdirmək problemi yarandı.  Hava limanında şöbə müdiri mənim sinif yoldaşım çıxdı. O məsələni həll elədi. Gətirdik Bakıya. Akademiyada vida mərasimi oldu. Dövlət rəsmiləri gəlmişdi. Təklif elədilər Fəxri Xiyabanda dəfn olunsun. Amma vəsiyyətinə görə Novxanıya, babasının yanında dəfn elədik.

-Nəslinizn məşəqqətli taleyi olub…

-Çox. Atamın sinə daşı üstünə yazılıb: “Məhəmməd Əmin Rəsulzadənin ailəsindən yalnız  sənə vətəndə uyumaq qismət oldu”.

– Rəsulzadənin Bakıda olan qohumları bir yerə yığışırmı indi?

– Hə, yığışırıq. Ötənləri, keçənləri xatırlayırıq. Yaşlılar artıq rəhmətə gedib. Firuzə bibim, Oktay, digərləri dünyalarını dəyişiblər. Amma bu illərdə həmişə bir yerə yığışırdıq.

-Rəsulzadənin məzarını yəqin ziyarət eləmisiniz…

-Bəli. Dəfələrlə. Həmişə Türkiyəyə gedəndə birinci ora gedirəm.

-Səsiniz də Məhəmməd Əmin bəyin səsinə oxşardır. Onun məşhur müraciəti olan səs yazısındakı səs tonunu xatırladır. “Sonuncu iclas” filmində babanızın obrazını yaratmaq da sizə qismət oldu.

– Yaxşı filmdir. Akyor deyiləm, amma filmdə çalışdım ki, Rəsulzadənin obrazını göstərə bilim. Atamın danışıqları, xatirələri gözümün önündən keçdi çəkiliş zamanı…Məhəmməd Əmin bəy nələrdən keçmədi ki? Çox əzablı ömür yaşadı. Ceyhun bəy Hacıbəyliyə yazdığı məktubları oxumuşam. Nələr çəkib başı?! Amma bir an belə əqidəsindən dönmədi.

-Nə istərdiniz Əmin bəylə bağlı?

-Hakimiyyət də, xalq da Məhəmməd Əmin bəyin adını hörmətlə anır. Yubileyi keçirildi yüksək səviyyədə. Heykəlinin qoyulmasnıı, muzeyin yaradılmasını istərdim. Əsərlərinin çapı ilə bağlı Prezident İlham Əliyev sərəncam verib. Bu, böyük işdir. Digər məsələlər də həllini tapmalıdır. BDU-nun qarşısında büstü indiyə qədər qoyulmayıb.  Bütün rəsmi səviyyələrdə babama hörmət sonsuzdur. Amma bu dediyim işlər də görülməlidir.

-Küçədə olanda sizi tanıyırlarmı?

-Tanıyırlar. Küçədə, tədbirdə olanda hamı yaxınlaşır, minnətdarlıq edir, şəkil çəkdirir. Mən hətta utanıram. Yoldaşım deyir ki, harasa gedəndə qalstuksuz getmə. Rəssamlar elə də rəsmi geyim həvəskarı olmurlar.  Amma yolda çox olur ki, yaxınlaşıb şəkil çəkdirirlər. Görürsən yanımızdan biri ötür, sonra qaça-qaça geri qayıdıb “Rəis bəy, icazə verin sizinlə foto çəkdirm” deyir… Çox olur. Hamı istəyir bir xatirəsi qalsın.  Məhəmməd Əmin Azərbaycan azadlıq hərəkatının ideoloqdur. Əsas olan budur.

– Məhəmməd Əmin bəyin nəsə şəxsi əşyasından bir yadigarı qalıbmı?

-Yadigarı? Azərbaycan Respublikasıdır yadigarı…

-Müsahibəyə görə təşəkkür edirəm.

Xaqani SƏFƏROĞLU

Azpost.info

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

9 ayda Azərbaycandan Türkiyəyə 718 min turist səfər edib –

Sonrakı məqalə

Ermənistan iriçaplı pulemyotlar və snayper tüfəngləri ilə atəşkəsi pozub