Qafqaz Müsəlmanları İdarəsi (QMİ) koronavirus təhlükəsi ilə əlaqədar Həcc ziyarətinin dayandırılıb-dayandırılmayacağına aydınlıq gətirib.
QMİ-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bu məsələ hələlik gündəmdə deyil: “Hələlik Səudiyyə Ərəbistanında əməkdaşlıq etdiyimiz şirkətlər tərəfindən Azərbaycan heç bir müraciət daxil olmayıb. Çox güman ki, belə müraciət virusun yayıldığı ölkələrə aid olacaq”.
QMİ-dən bildirilib ki, Həcc ziyarətinə getmək üçün indiyədək 280 nəfər müraciət edib. Ziyarətə getmək üçün sənədlərin qəbulu yanvarın 24-dən başlanılıb və mayın sonuna qədər davam edəcək. Bu il Həcc ziyarəti üçün kvotanın sayı 1500 nəfər təşkil edir. Ziyarətin qiyməti 4490 ABŞ dolları olacaq.