“Koronavirus təhlükəsi ilə əlaqədar bu gündən ölkədə daha sərt qaydalar tətbiq olunacaq”.
Bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında çıxışı zamanı deyib.
İran Prezidenti bildirib ki, bu qaydalar iki həftə ərzində ölkədə icra olunacaq. O tətbiq olunacaq yeni qaydalarla bağlı əlavə məlumat verməyib. Ruhani ölkədə koronavirus xəstələri üçün yaradılan şəraitə görə məsul şəxslərə təşəkkür edib.
Dünya ölkələrində koronavirusla bağlı ağır şəraitin mövcud olduğunu vurğulayan H. Ruhani qeyd edib ki, İranda koronavirus xəstələri üçün 20 min istifadə edilməmiş çarpayı hazır vəziyyətdədir.
O ilk günlərdə İranda həkim və tibb bacılarının çatışmazlığından da danışıb və əlavə edib ki, 10 min yeni tibb işçisi koronavirus xəstələrinə xidmət göstərə biləcək. Ruhani koronavirusla mübarizə məqsədilə İranın Ali Rəhbəri ayətullah Xameneiyə Milli İnkişaf Fondundan 1 milyard dollar vəsaitin götürülməsi ilə bağlı müraciət edildiyini və bu müraciətə Ali Rəhbərin müsbət cavab verəcəyinə ümidvar olduğunu vurğulayıb. (APA)