Böyük Britaniya Kraliçası II Yelizaveta şahzadə Harri və onun həyat yoldaşı Meqan Marklın kral ailəsinin böyük üzvlərinin statusundan və onu müşayiət edən vəzifələrdən imtina edərək “yeni bir həyat”a başlamaq qərarını dəstəkləyib.
Bu barədə Bukinqem Sarayının yaydığı açıqlamada deyilir.
“Bu gün mənim ailəmdə nəvəmin və onun ailəsinin gələcəyi ilə bağlı çox konstruktiv bir müzakirə aparılıb. Ailəm və mən Harri və Meqanın gənc bir ailə olaraq yeni bir həyat qurmaq istəklərini tamamilə dəstəkləyirik. Hərçənd ki, mən və ailəm onların kral ailəsinin üzvlərinin öhdəliklərinin icrasını davam etdirmələrini çox istərdik, ancaq onların müstəqil həyat yaşayaraq sərbəst bir ailə kimi qalmaq istəklərini hörmətlə anlayırıq və qarşılayırıq”, – deyə II Yelizaveta bildirib. (APA)