“Kremlə yaxın politoloq Avropaya nüvə bombası atmağa çağırıb”- “The Bell”

Rusiyanın xarici siyasət üzrə nüfuzlu ekspertlərdən biri, Kremlə yaxınlığı ilə tanınan Sergey Karaqanov Aİ ölkələrinə nüvə zərbəsi endirməyi təklif edib.

Azpost.info info xəbər verir ki, bu barədə “The Bell” nəşri yazır.

Nəşr qeyd edir ki, Karaqanov “Profil” jurnalı üçün yazdığı məqalədə nüvə təhdidləri və ya nüvə bombasından istifadə etməklə Qərbin iradəsini qırmağa çağırıb.

“Karaqanov Xarici və Müdafiə Siyasəti Şurasının fəxri sədri, Valday Klubunun yaradıcılarından biridir. O, həmçinin Ali İqtisadiyyat Məktəbinin Dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər fakültəsinin akademik rəhbəri vəzifəsini tutur. 70 yaşlı professor məqaləsində yazır ki, Qərbin Kiyev xuntasını qızışdırmaq və dəstəkləmək iradəsi pozulmayınca Ukraynadakı müharibənin istənilən nəticəsi Rusiyanı qane etməyəcək. Karaqanova görə, Qərb geri çəkilməli və Rusiyanın irəliləməsinə mane olmamalıdır”, – “The Bell” yazıb.

Karaqanovun təklif etdiyi əsas həll yolu Qərb ölkələrində itirilmiş özünüqoruma hissini bərpa etmək üçün nüvə ritorikasını artırmaqdır. Onun sözlərinə görə, artıq bu istiqamətdə ilk addımlar atılıb – prezident Vladimir Putin və Rusiyanın digər rəhbər şəxsləri tərəfindən xəbərdarlıqlar edilib, Belarusda Rusiya nüvə mərmiləri və daşıyıcılarının yerləşdirilməsinə başlanılıb.

Lakin professor hesab edir ki, məsələ bununla məhdudlaşmamalıdır. Onun fikrincə, Rusiyanın nüvə ritorikası o qədər irəli gedə bilər ki, vətəndaşlardan və bütün xoşməramlı insanlardan nüvə zərbələrinin hədəfinə çevrilə biləcək obyektlərin yaxınlığını tərk etmələri istənilə bilər. Əgər bu da nəticə verməsə, o, nüvə bombasından istifadə etməyi təklif edib.

“Bəs geri çəkilməsələr? Onda ağlını itirənləri özünə gətirmək üçün bir sıra ölkələrdə bir qrup hədəfi vurmalı olacaqsan. Bu, dəhşətli seçimdir. Amma bu edilməsə, nəinki Rusiya məhv ola bilər, çox güman ki, bütün bəşər sivilizasiyası sona çatacaq”, – Karaqanov bildirib.

Professor xəbərdarlıq edir ki, nüvə silahından istifadə qərarı Rusiyanın “dostları” tərəfindən dəstəklənməyəcək.  Lakin onun fikrincə, sonda qaliblər mühakimə olunmur, xilaskarlara təşəkkür edilir.

Azpost.info

Əvvəlki məqalə

Bu il sosial müavinətlər üzrə 409, Prezident təqaüdləri üzrə 266 mln. manat ödənilib

Sonrakı məqalə

Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək