“Kremldə ABŞ-dakı iğtişaşları diqqətlə izləyirlər və baş verənləri onların daxili işi hesab edirlər. Moskva heç vaxt ABŞ-da baş verənlərə qarışmayıb, indi də qarışmağa hazırlaşmır”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Biz, sözsüz ki, ABŞ-da baş verənləri çox diqqətlə izləyirik. Lakin baş verənlər onların daxili işidir. Biz heç vaxt ABŞ-ın daxili işlərinə qarışmamışıq, indi də qarışmağa hazırlaşmırıq”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, ABŞ-ın sabiq Prezidenti Barak Obamanın milli təhlükəsizlik üzrə müşaviri olmuş Syuzan Rays CNN-ə müsahibəsində ABŞ-da polisin qaradərili Corc Floydu öldürməsindən sonra baş verən iğtişaşlarda Rusiyanın əlinin olduğunu bildirib.