KTMT Zəngəzurda sərhədlə bağlı məsələyə qarışmayacaq

03 İyul 2021 - 13:53

“Ermənistanın cənubunda Azərbaycanla sərhədlərin müəyyənləşməsinə dair vəziyyətin gərginləşməsi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının kollektiv müdafiəyə dair Nizamnaməsinin təsir dairəsi altına düşmür”.

TASS-ın verdiyi məlumata görə, bu bəyanatla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Stanislav Zas çıxış edib.

S. Zas jurnalistlərə açıqlamasında deyib ki, baş verənlər sərhəd insidentləridir.

“Anlamaq lazımdır ki, KTMT yalnız üzv dövlətlərdən hər hansına qarşı təcavüz və hücum baş verdikdə müvafiq addımlar atmalıdır. Burada isə sərhəd insidentləri baş verir. Allaha şükür, qurbanlar, atışmalar yoxdur. Biz bu sərhəd insidentlərinin sülh yolu ilə həllinin tərəfdarıyıq”.

Baş katibin sözlərinə görə, sərhəddə eskalasiya müşahidə olunmur: “Prinsipcə, orada vəziyyətin gərginləşməyə doğru getdiyini demək olmaz. İrəlidə sərhədlə bağlı həll edilməli çox məsələ var, bütün mübahisəli məqamları danışıqlar masası arxasında həll etmək lazımdır”.

S. Zas bu ilin mayında Ermənistanın müraciətindən sonra müxtəlif səviyyələrdə bu məsələyə dair müzakirələr apardıqlarını deyib.

O əmin edib ki, KTMT Ermənistanın cənubundakı vəziyyəti daim monitorinq edir.

S. Zas baş verənlər barədə həm Ermənistan tərəfindən, həm də Rusiya sülhməramlılarından mütəmadi məlumatlar aldıqlarını da vurğulayıb.