Lənkəranda şəhid ailələri və müharibə əlillərinə 45 mənzil təqdim olunub

-FOTOLAR
21 Avqust 2021 - 12:20

Lənkəranda 45 mənzilli yaşayış binası Vətən müharibəsi şəhidlərinin ailələrinə və müharibə əlillərinə təqdim edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Lənkəranda 45 mənzilli yaşayış binası Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərin istifadəsinə verilib.

Mənzillərin sənədlərinin təqdim edilməsi ilə bağlı tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli və Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov iştirak ediblər.

Vüsal Nəsirli vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən il 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazanıb. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımız azad edilib. Müharibəni tarixi Zəfərlə başa vuran Azərbaycanda şəhid ailələrinin, qazilərin sosial müdafiəsi sahəsində də fəal və nümunəvi siyasət həyata keçirilir.

Nazir müavini Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının geniş vüsət aldığını bildirib. O qeyd edib ki, Nazirlik tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934, 2020-ci ildə isə əvvəlki ilə nisbətən 70 faizə qədər çox olmaqla 1572 mənzil və fərdi ev verilib. Bu il isə 3 minədək mənzil və fərdi evin verilməsi işləri aparılır. Bu da şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramının 2018-ci ilə nisbətən artıq 5 dəfəyə yaxın genişləndiyini göstərir.

V. Nəsirli bildirib ki, keçmiş köçkünlər üçün inşa olunmuş yaşayış binalarındakı mənzillər də dövlət başçısının göstərişi ilə şəhid ailələrinə və müharibə əlillərinə təqdim edilir. Bu istiqamətdə növbəti addım kimi, hazırda Lənkəran rayonunda da 45 mənzilli yaşayış binası həmin kateqoriyadan olan şəxslərin istifadəsinə verilir. 2014-2019-cu illərdə uçota alınmış imtiyazlı şəxslərlə yanaşı, Vətən müharibəsində şəhid olanların ailələri və Vətən müharibəsi əlillərinin də bu ilin əvvəllərindən mənzillə təminatı həyata keçirilir. Bu gün təqdim edilən 45 mənzil də məhz bu kateqoriyadan olanlara verilir.

Nazir müavini 2021-ci ilin planı üzrə artıq 1300-dən çox mənzilin şəhid ailələri və müharibə əlillərinə təqdim edildiyini, bu kateqoriyalardan olan vətəndaşlara indiyədək 10 mindən çox mənzil və fərdi evin verildiyini diqqətə çatdırıb. O, həmçinin postmüharibə dövründə reallaşdırılan digər sosial dəstək tədbirləri barədə məlumat verib.

Taleh Qaraşov şəhid ailələrinin, müharibə əlillərinin mənzillə təminatı proqramının genişlənməsinin həmin vətəndaşlara göstərilən böyük diqqət və qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

Yeni mənzillə təmin olunan vətəndaşlar şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, sosial dəstəklə əhatə olunmaları istiqamətində aparılan işlərdən razılıqla bəhs ediblər. Onlar göstərilən yüksək qayğıya, bu gün isə müasir tələblərə uyğun yaşayış şəraiti olan mənzillərlə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.