Mayın 2-də ölkə ictimaiyyətinin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) haqqında məlumatlandırılması məqsədilə Lənkəran şəhərində WUF13 Festivalına start verilib.
AZƏRTAC xəbər verir ki, günün birinci yarısında Lənkəran Dövlət Universitetində WUF13 ilə bağlı məlumatlandırma sessiyası təşkil olunub. Sessiyada universitetin və onun nəzdində olan Sosial və Aqrar-texnoloji kollecin müəllim-tələbə heyəti iştirak edib.
Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Sehran Alışov, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmisi Ramiz İdrisoğlu, “WUF13 Azərbaycan” əməliyyat şirkətinin məzmun və media əlaqələri üzrə baş meneceri Eldar Rəsulov çıxış edərək, WUF13 barədə ətraflı məlumat veriblər. Çıxışlarda WUF13-ün ölkəmiz üçün əhəmiyyəti və forumda müzakirə olunacaq əsas mövzular diqqətə çatdırılıb.
Sehran Alışov qeyd edib ki, Böyük İpək Yolunun üzərində yerləşən Lənkəran şəhəri tarixi və mədəni irsini qorumaqla yanaşı, müasir tikililərlə vəhdət təşkil edir. Son illər Lənkəranda əhalinin sayının və urbanizasiya prosesinin sürətlə artdığını vurğulayan Sehran Alışov bildirib ki, şəhərdə müasir yaşayış binaları inşa olunur, tarixi abidələrdə restavrasiya işləri aparılır, abadlıq genişlənir və yeni parklar salınır.
Ramiz İdrisoğlu Azərbaycanın müasir şəhərsalma siyasəti, bu istiqamətdə ölkəmizdə görülməkdə olan işlər, həmçinin şəhər planlaşdırılmasında məşğulluq, inklüzivlik və mobillik imkanları və yeni yanaşmalar barədə məlumat verib.
Eldar Rəsulov isə gəncləri mayın 17–22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına dəvət edib.
WUF13 Festivalı iki hissədən ibarətdir. Axşam saat 18:00-da festival açıq havada keçiriləcək ictimai proqramlarla davam edəcək.
Axşam proqramları çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.